İlham Əliyev Van der Bel və Rondolatla görüşdü - FOTOLAR (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Van der Bel və Rondolatla görüşdü - FOTOLAR (YENİLƏNDİ)

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

Publika.az xəbər verir ki, Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan “Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini vurğuladı. Bildirdi ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək. Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Söhbət zamanı bildirildi ki, “Microsoft”un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Phillips Lightning) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Publika.az xəbər verir ki, görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğuladı və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd etdi. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlətimizin başçısına məlumat verdi.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirdi. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif etdi.

Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm