İlham Əliyev Beyləqandadır - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Beyləqandadır - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan rayonunda yenidən qurulan 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sektorda mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Beyləqan rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi prioritet məsələlərdən olub. Geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

“Azərişıq” ASC-nin sədri səlahiyyətlərini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, Beyləqan Elektrik Şəbəkəsində 22 min 480 abonent mövcuddur. Onlardan 20 min 728-i əhali, 1752-si qeyri-əhali kateqoriyasına aiddir. Rayonun elektrik enerjisi ilə təminatının və etibarlılığın artırılması məqsədilə istismarda olan avadanlığın texniki parametrlərini itirmiş və dispetçer əməliyyat çevrilmələrinin aparılması mümkün olmayan mövcud 110/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyası tam yenidən qurulub, hər biri 25 MVA gücünə malik iki transformator quraşdırılaraq 15 MVA yeni güc yaradılıb. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Beyləqan və Ağcabədi rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına, 110 kV-luq üç qovşaq yarımstansiyasının əlaqələndirilməsinə, eyni zamanda, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə xidmət edəcək. Yenidən qurulmuş yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda, şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.

Bildirildi ki, “Beyləqan-1” yarımstansiyasında müasir tipli idarəetmə mərkəzi, 35-10 kv-luq qapalı paylayıcı qurğular məsafədən dispetçer idarəetmə sisteminə (SCADA) qoşulub. Yarımstansiyanın inzibati binasında işçilər üçün lazımi iş otaqları, yardımçı və texniki otaqlar yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıqlar salınıb.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Yenidənqurmadan sonra muzeydə yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu mədəniyyət ocağı 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. Ötən il yenidən inşa edilən ikimərtəbəli binanın ümumi sahəsi 1050 kvadratmetrdir. Muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq var. Muzeydə həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatlar toplanıb. Bu eksponatlar turistlərdə böyük maraq doğuracaq, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına hərtərəfli imkan yaradacaq.

Bildirildi ki, burada 6087 adda eksponat mövcuddur. Muzeyin fondunda və kolleksiyasında ən qədim eksponat son tunc, ilk dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir.

Şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini nümayiş etdirir. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması işi geniş vüsət alıb. Belə layihələrin icrası ölkəmizin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün müstəsna əhəmiyyətə malikdir.

Sonra Prezident İlham Əliyev muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşdü.

Rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.

Sakinlər: Cənab Prezident, Sizin gəlişiniz bizi sevindirir. Xoş gəlmisiniz. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Yaşlı qadın sakin: Xoş gəlmisən, mənim balam, başına dönüm. Bizdən Mehriban xanıma da çoxlu salam apar. Beyləqan torpağına xoş gəlmisən. Səndən çox-çox razıyıq. Allah o bir oğlunu min budaq eləsin. Azərbaycanın fəxri, Heydər oğlu, Beyləqan Sənin arxandadır. Beyləqan rayonu Sizinlə fəxr edir. Azərbaycanın fəxrisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Rafiq Hacıyev: Hamıdan üzr istəyirəm, bağışlayın, oğlum Beyləqan rayonunda seçki məntəqəsinin fəal işçisidir, indi xəstədir, əməliyyat olunmalıdır.

Prezident İlham Əliyev: Mən kömək edərəm, ad-familiyasını yazın.

Rafiq Hacıyev: Allah razı olsun. Hacıyev Tural Rafiq oğlu.

Sakin: O gün olsun ki, tezliklə biz Dağlıq Qarabağda belə bir yığıncaq keçirək. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Beyləqana altıncı dəfədir ki, gəlirəm və hər bir səfərdə gözəl açılışlar, gözəl tədbirlər olur. Bu gün də belədir. Misal üçün bu gün böyük idman mərkəzinin açılışını etdik. Burada idmanla məşğul olmaq üçün gözəl şərait yaradılıb. Yeni yarımstansiya işə düşür, yeni yolun açılışını etdik. Beyləqan rayonunun ümumi inkişafı ilə bağlı ardıcıl tədbirlər görülür. Qazlaşdırma bir müddətdən sonra 100 faizə çatacaq, indi 97 faizdir. Şəhərin içməli su layihəsi icra olunub.

Yaşlı qadın sakin: Çox sağ ol, ay mənim əziz balam. Səni bizə bəxş edən o kişiyə Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nənələr qurban. Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Sizi ürəkdən salamlayıram və Sizə xidmət etməyə gəlmişəm.

Sakinlər: Sağ olun. Abad yollarımız, qazımız, işığımız var, cənab Prezident. Allah Sizi də, Mehriban xanımı da qorusun. Beyləqan qadınları adından minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun, soruşmaq istəyirəm, Beyləqan rayonunun inkişafı, vətəndaşların rifahını yaxşılaşdırmaq üçün əlavə nə lazımdır?

Kişi sakin: Dünyamalılar kəndində yeni məktəbin tikilməsinə ehtiyac var, cənab Prezident.

Prezident İlham Əliyev: Bu il onu da həll edəcəyik. Məktəb tikiləcək. Mən artıq bunu dedim, bir daha demək istəyirəm, Dünyamalılar kəndində yeni məktəb tikiləcək, çünki həmin məktəbin vəziyyəti o qədər də yaxşı deyil. Yataqxanalarda yaşayan vətəndaşlar üçün 36 mənzilli yeni bina tikiləcək. Növbəti mərhələdə yeni kənd yolları da salınacaq.

Sakinlər: İnşallah, çox sağ olun. Allah Sizdən razı olsun. Qazımız, işığımız, suyumuz, yolumuz var, cənab Prezident.

Prezident İlham Əliyev: Beyləqanda 3 aqropark fəaliyyət göstərir və orada məhsuldarlıq yaxşıdır, pambıqçılığın ənənələri bərpa olunur. Ulu Öndərin vaxtında burada çox bol pambıq yığılırdı, yavaş-yavaş o hədəfə yaxınlaşırıq.

Kişi sakin: Cənab Prezident, o vaxt Beyləqan 100 min tona yaxınlaşmışdı. Əlli min ton üzüm, 87 min ton pambıq Beyləqanın axırıncı göstəricisi idi.

Prezident İlham Əliyev: Keçən il təqribən 22 min ton pambıq tədarük edilmişdir. Ancaq əlbəttə ki, biz o səviyyəyə çatmamışıq, tədricən buna da, İnşallah, çatarıq. Məşğulluqla bağlı da göstəriş vermişəm, yüzlərlə yeni ödənişli ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar ictimai işlərlə məşğul olsunlar.

Kişi sakin: Cənab Prezident, çox sağ olun. Siz minimum əməkhaqqını 130 manatdan 180 manata qaldırdınız. Pensiyamızı qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbçilərin mənzil-məişət şəraitləri yaxşılaşdırıldı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, özüm Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Artıma görə ailəmiz çox şad oldu. Çox sağ olun, Allah Sizə ömür versin.

El bilir ki, tükənməyən sərvətin vardır,

Sinən üstü ağ pambıqlı gen tarlalardır,

Buruqların göy Xəzərdə qatar-qatardır,

Yurdum, yuvam məskənimsən Azərbaycanım,

Anam doğma Vətənimsən Azərbaycanım.

Kişi sakin: Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Mən verdiyim sözlərə həmişə əməl etmişəm.

Qadın sakin: Siz xalqın arxasındasınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.

Prezident İlham Əliyev: Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.

Kişi sakin: Yaxın vaxtlarda bayrağımız Xankəndində dalğalansın. Amin.

Prezident İlham Əliyev: İnşallah!

Qadın sakin: Cənab Prezident, imkanım yoxdur, evim uçub, mənə kömək edin.

Prezident İlham Əliyev: Ev niyə uçub? Bu, bina evidir, yoxsa...?

Qadın sakin: Köhnə hökumət evidir, 35-37-ci illərdə tikilib. Başına dönüm, Allah köməyin olsun, Allah canını sağ eləsin. Allah Sizi başımızın üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Biz onu həll edəcəyik, 36 mənzilli ev tikiləcək, bu gün Sərəncam imzalanacaq, oradan sizə də ev veriləcək. İcra başçısına da tapşırıram ki, nəzarət etsin.

Qadın sakin: Çox sağ ol, cənab Prezident.

X X X

Sonra Prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov Beyləqan Olimpiya İdman Kompleksində yaradılan şərait barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək.

Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.

Qeyd edildi ki, Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev dedi:

-Bu gün Beyləqan rayonunda çox əlamətdar bir gündür. Beyləqanda Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl idman mərkəzidir. Burada idmanla məşğul olmaq üçün bütün şərait var. Bu mərkəzin həm xarici görünüşü, həm də daxili tərtibatı çox gözəldir. Məşq zalları, cüdo, güləş, boks üzrə xüsusi məşq zalları, üzgüçülük hovuzu, böyük idman salonu, stadion. Eyni zamanda, bu mərkəzdə 50 nəfərlik otel də yerləşir. Beləliklə, Beyləqana gələn qonaqlar burada rahat qala bilərlər.

Bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir. Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar.

Bütün bölgələrdə bu istiqamətdə işlər gedir. Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.

Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəhnidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər. Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar.

Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir.

Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Misal üçün, indi Beyləqan rayonunda qazlaşdırmanın səviyyəsi 97 faizdir. Yaxın zamanlarda bu, 100 faizə çatacaq. Nəzərə alsaq ki, bir neçə il bundan əvvəl qaz təchizatı çox aşağı səviyyədə idi, bu, çox böyük göstəricidir. Bu gün fəaliyyətə başlayacaq yeni yarımstansiya Beyləqan rayonunun elektrik enerjisi ilə təminatını böyük dərəcədə yaxşılaşdıracaq və bu sahədə də heç bir problem olmayacaq.

Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir. 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı. İndi isə kanalizasiya sisteminin yenidən qurulması, təmizləyici qurğuların quraşdırılması prosesi gedir. Yəni, bütün əsas infrastruktur layihələri icra edilir.

Sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir. Beyləqanda üç aqropark yaradılıbdır. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir. Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb. Bu il ən azı 30 min ictimai iş yaradılacaq. Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar.

Yəni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq mərkəzi rayon xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni, bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.

Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İdmançılara yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

Beyləqanlı idmançılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən karate üzrə dünya çempionu Sahib Nəsibov dedi:

- Möhtərəm cənab Prezident, mən də Sizi Beyləqanın gənc idmançıları adından salamlayıram, rayonumuza xoş gəlmisiniz. Siz həmişə gənclərimizə, idmançılarımıza dəstək olmusunuz. Bunun uğurlu nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda dövlətimizin bayrağını yüksək zirvələrə qaldırırlar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Cənab Prezident, Sizi əmin edirəm ki, bu gözəl kompleksi bizə hədiyyə etdiyiniz üçün biz var gücümüzlə, İnşallah, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında öz sözümüzü deyəcəyik. Cənab Prezident, Beyləqan idmançıları adından Sizə minnətdarlığımı bildirirəm ki, bizə belə gözəl kompleks hədiyyə etdiniz. Çox sevinirik. İnanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Allah Sizə yar olsun. Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyev dedi:

-Möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Mən yunan-Roma güləşi üzrə Əməkdar məşqçiyəm. Böyük bir kompleksi bizə hədiyyə etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bu kompleksdə dünya və Avropa çempionlarımız var, əminəm ki, İnşallah, Olimpiya çempionumuz da olacaq. Sizə bir daha minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Ümid edirik ki, Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriləcək.

Kamil Fərzəliyev: Allahın köməyi ilə. Mən Eldənizin adını çəkmək istərdim.

Prezident İlham Əliyev: Bəli, gözəl idmançıdır.

Kamil Fərzəliyev: Nailiyyətlər qazanmış digər idmançılarımız da var. Bir daha Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun.

Sonra xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1900-ə qədər tamaşaçı izləyə biləcək. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun göstəriciləri barədə məlumat verdi.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu nümayiş etdirir. Belə layihələrdən biri də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisidir.

Məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. İki və dörd hərəkət zolaqlı yol yüksək keyfiyyətlə tikilib. Yol boyunca üç avtobus dayanacağı, suötürücü borular, 78 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Uzunluğu 73 min metr olan yol cizgi xətləri çəkilib, dörd körpü əsaslı təmir edilib.

Prezident İlham Əliyevə Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verildi. Bildirildi ki, dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 39,4 kilometrdir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni altı metrdir.

İyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən yolun təmiri yük və sərnişin daşınmasının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Dövlətimizin başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindəndir. Son illər Prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamlarına əsasən yolların müasir səviyyədə yenilənməsi işinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətdə və yüksək keyfiyyətlə icra olunur.

***

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm