• USD 1,7000 0,00% EUR 1,9150 +0,40%
    • GBP 2,1237 +1,05% RUB 0,0240 +0,42%

Prezident: Bu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq

Prezident: Bu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq

Növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaqdır".

İlham Əliyev xatırladıb ki, yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu: "Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq".

Prezident bildirib ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir: "Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır.

Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR