Prezident: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Bizi izləyin

Rəsmi xronika

Prezident: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir

Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir.

Bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Yeni yaşayış kompleksinin açılışı münasibətilə məcburi köçkünləri təbrik edən dövlətimizin başçısı bildirib ki, burada yaşayış üçün ən yüksək standartlar yaradılıb. “Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlətimizin başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. “Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlətimizin başçısı bildirib ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm