Prezident: Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu
Bizi izləyin

Rəsmi xronika

Prezident: Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu

Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən bildirib.

"Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə, dövlətə, xalqımıza. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər", - Azərbaycan Prezidenti deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm