İlham Əliyev: Bu sahədə hələ də bir çox problemlər mövcuddur
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Bu sahədə hələ də bir çox problemlər mövcuddur

Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

"Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir.

Ancaq hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.

Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik", - Prezident İlham Əliyev söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm