• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Heç kim inkar edə bilməz ki... - Ramiz Mehdiyev

Heç kim inkar edə bilməz ki... - Ramiz Mehdiyev

Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.

Publika.az xəbər verir ki, bu fikirləri Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.

"Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir.

Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu.

Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq tarixə düşdünüz.

Böyük dövlət təşkilatçısı olaraq, Siz xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.

Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzunuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlandırırlar.

Son 100 ildə ulu öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılırsınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar.

Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.

Fürsətdən istifadə edib mənim ünvanıma səsləndirdiyiniz bütün xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etməyi özümə borc bilirəm ki, mən Heydər Əliyevlə və onun davamçısı kimi şəxsən Sizinlə birlikdə çalışmağı həmişə özümə şərəf saymışam. Bu xidmətin məsuliyyətini həmişə dərindən dərk etmişəm. Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz.

Sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezident, bundan sonrakı həyatımda və fəaliyyətimdə də mən həmişə Ümummilli Liderin siyasətini, Sizin həyata keçirdiyiniz siyasi kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyəm. Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq", - Ramiz Mehdiyev vurğulayıb..

Xəbər lenti

DAHA ÇOX XƏBƏR