İlham Əliyev Ağdaşda açılışlar etdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Ağdaşda açılışlar etdi - FOTO (YENİLƏNDİ)

Oktyabrın 28-də Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə biyan tədarükü və emal zavodunu işə saldı.

Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, bu park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək. Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir.

Məlumat verildi ki, müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. Zavodda Türkiyənin “Bigtem” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.

Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Koreya Respublikasında keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. Məhsulların başlıca üstünlükləri 100 faiz bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddənin - konservant, dadverici və rəngvericilərin olmamasıdır. Xəttin illik istehsal gücü 350 min ədəddir. Bütün istehsal prosesi boyu məhsul nümunələri müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada yoxlanılır. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin “Made in Azerbaijan” brendi ilə ixracı planlaşdırılır.

“Biyan Products” MMC-nin elmi məsləhətçisi, Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva deyib:

-Möhtərəm Prezidentimiz, biz fəxr edirik ki, bu ideyanı siz verdiniz. Buna görə zavodun kollektivi adından Sizə təşəkkür edirik. “Çox sağ olun” deyir, Sizi və xalqımızı təbrik edirik. Burada sözümü deməliyəm. Çünki Prezident Heydər Əliyevin qarşısında da çıxış etmişəm. Mən ulu öndərimiz, təkrarsız və bənzərsiz şəxsiyyət və çox sevdiyim Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Möhtərəm Prezidentimiz, xalqımız Sizə çox inanır, Sizi çox sevir. Biz bilirik ki, görülən bütün işlər, qazanılan nailiyyətlər Sizin adınızla bağlıdır. Mən Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycanda o qədər qlobal işlər görmüsünüz ki, bunu görməmək üçün gərək kor olasan. Biz Sizinlə fəxr edirik və sevinirik ki, Siz qiymətli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz. Bütün kollektiv adından Sizə təşəkkürümüzü bildiririk. Yenə də Sizə deyirik ki, canınız sağ, ömrünüz uzun olsun.

Prezident İlham Əliyev deyib:

-Çox sağ olun, xoş sözlərə görə sizə təşəkkür edirəm, kollektivə də uğurlar arzulayıram. Şadam ki, mənim vaxtilə irəli sürdüyüm təşəbbüs belə gözəl nəticələrə gətirib çıxardı və doğrudan da dünya səviyyəli sənaye müəssisəsi yaradıldı. Burada bütün proses bir-birini tamamlayır - əkin sahələri, ondan sonra biyan kökünün yığılması, çeşidlənməsi, qurudulması, siropa, ekstrakta çevrilməsi və satışı. Yəni, bütün zəncir burada təmin olunur, ixracyönümlü məhsuldur. Mən baxdım ki, bir neçə mötəbər mükafata da layiq görülüb və bu, onu göstərir ki, keyfiyyəti də yüksəkdir. Əgər yüksək olmasaydı, əlbəttə ki, bunu ixrac etmək də mümkün olmazdı. Demək olar ki, ölkəmizdə yeni bir sənaye sahəsi yaradılmışdır. Bizim ümumi inkişafımızı təmin edəcək, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə bizim qeyri-neft sənayemiz 15 faiz artıb, məhz belə müəssisələrin hesabına. Belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır, iş yerləri, ixracyönümlü məhsul yaradır, ölkəmizə valyuta daxil olur. Yəni, görün, bunun nə qədər böyük əhəmiyyəti və faydası var.

Əlbəttə, görürəm ki, siz bu işin çox böyük mütəxəssisisiniz, bu işlə çox böyük həvəslə, inamla məşğul olursunuz. Sizə bir daha uğurlar arzulayıram. Arzu edirəm ki, fəaliyyət sahəsini genişləndirəsiniz. Yeni yaradılan və gözəl nəticə verən müəssisələrə mənim yeganə tövsiyəm odur ki, maksimum genişləndirin, çünki bazar da var, tələbat da var. Bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də kompleks yenidənqurma tədbirləri reallaşdırılır. Yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunun genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edir. Bunun üçün bir neçə perspektiv layihələr üzrə əməli işlər görülür. Bunlardan biri də Prezident İlham Əliyevin tapşırıqlarına əsasən 2017-ci il fevralın 10-da "Şəbəkə" xidmət mərkəzlərinin yaradılmasıdır. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, “Şəbəkə” Xidmət Mərkəzinin yaradılmasında məqsəd nazirliyin bütün xidmətlərini əhaliyə vahid məkanda təqdim etməkdir. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, həmçinin xidmətlərə görə dövlət xərclərinə qənaət etmək mümkün olacaq.

Diqqətə çatdırıldı ki, “Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Mən Sizi ürəkdən salamlayıram. Yenidən Ağdaş rayonunda olmağımdan çox məmnunam. Bu, Prezident kimi mənim Ağdaş rayonuna beşinci səfərimdir. Hər səfərdə biz hansısa önəmli layihənin ya təməl daşını qoyuruq, ya da ki, açılışını qeyd edirik, o cümlədən bu gün. Artıq neçə vaxtdır ki, Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilibdir. Bu gün isə bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da çox böyük hadisədir. Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir. Ona görə bu gözəl hadisəni biz birlikdə qeyd edirik.

Onu da bildirməliyəm ki, bu gün Qəbələ şəhərinin də içməli su layihəsi artıq icra edildi, açılışı oldu. Ancaq Qəbələ şəhərində 15 min əhali varsa, Ağdaş şəhərində bu, 35 mindir. Ona görə də burada gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın. Buna görə “Azərsu”ya da göstəriş verildi ki, bu layihə təqribən gələcək 20-30 ili də ehtiva etsin ki, artan əhali bu imkandan istifadə edə bilsin.

Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın.

Eyni zamanda, insan sağlamlığı üçün digər vacib amil keyfiyyətli qidadır. Bu məsələyə də diqqət yetirilir, Qida Təhlükəsizliyi Agentliyi yaradılıbdır. Agentlik həm idxala, həm də yerli istehsala nəzarət edir. Ekoloji vəziyyət çox böyük əhəmiyyət daşıyır, bu sahədə də yaxşı nəticələr var.

İdman əlbəttə ki, hər bir insanın fiziki sağlamlığını möhkəmləndirir. Ağdaşda Olimpiya Kompleksi, Mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Xəstəxana tam şəkildə əsaslı təmir olunub və bütün avadanlıqla təchiz edilib. Bildiyiniz kimi, hər il Azərbaycanda beş milyondan çox insan dövlət xətti ilə tibbi müayinədən keçir. Hesab edirəm ki, bu təşəbbüsə görə Azərbaycan dünyada liderdir. Çünki əksər ölkələrdə bu xidmət pulludur, ancaq Azərbaycanda pulsuzdur. İndi bütün bölgələrdə müasir tibb ocaqları var. Ona görə hər bir vətəndaşa qan analizləri verməsi, ultrasəs müayinəsindən, digər müayinələrdən keçməsi tövsiyə olunur. İndi imkanlar da var, şərait də yaradılır.

Həmçinin Ağdaş rayonunda icra edilən layihələr rayonun potensialının inkişafına, ümumi inkişafımıza xidmət göstərir. Bu gün “Ağdaş” elektrik yarımstansiyası da fəaliyyətə başlayıb. Mən onu Qəbələdəki yarımstansiyadan düyməni basmaqla işə saldım. Elektrik enerjisi ilə bağlı heç bir problem olmamalıdır, yoxdur və olmayacaq. İçməli su layihəsi icra edilib, qazlaşdırma 80 faiz səviyyəsindədir. Mənə dedilər ki, cəmi 19 kənddə hələ qaz yoxdur. İndi Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıq verirəm ki, o 19 kəndə də qısa müddət ərzində qaz xətləri çəkilsin.

Avtomobil yollarının tikintisi. Son 2 il ərzində Ağdaşda yüz kilometrdən çox kənd yolları salınıb, birinin açılışını bu gün etdik. Yəni, bu sosial infrastruktur layihələri öz həllini tapır. Modul tipli 28 sutəmizləyici qurğu fəaliyyət göstərir. İndi içməli su sistemini işə salacağıq. Beləliklə, rayonun hərtərəfli inkişafı üçün şərait yaradılır. Yeni müəssisələr yaradılır, o cümlədən biyan kökü istehsalı və emalı zavodu. O da çox böyük sənaye müəssisəsidir ki, burada işsizlik olmasın, vətəndaşlar işlə təmin edilsinlər. Həmçinin onlar yaxşı tibbi xidmət alsınlar, təmiz sudan içsinlər və sağlam olsunlar. Məqsədimiz budur. Sizi bir daha təbrik edirəm.

Ağdaşlıların minnətdarlığını Prezident İlham Əliyevə çatdıran rayon sakini Gülcənnət İsmayılova dedi:

-Əziz Prezidentimiz İlham Əliyev, Ağdaşa xoş gəlmisiniz. Bizim ürəyimizdən gələnlərin hamısını Siz dediniz, artıq nəsə deməyə ehtiyac yoxdur. Allah Sizi qorusun, yardımçınız olsun. Biz Sizi çox sevirik. Niyə sevirik. Ona görə ki, biz işləyənə səs veririk, biz işləyənin arxasında dayanırıq. Bu boyda işləri görmək hər bir ölkəyə nəsib deyil. Bir xahişimiz də var, Ağdaş camaatının, xüsusən də ağdaşlı anaların salamlarını bizim birinci xanımımıza, Birinci vitse-prezidentimizə çatdırın. Bizdən ötrü, gələcəyimiz olan uşaqlarımızdan ötrü gördüyünüz bu işlərə görə Sizə ürəkdən “sağ olun” deyirik. Çox sağ olun, Sizə təşəkkür edirik, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir. Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək.

Eyni zamanda, beynəlxalq gündəliyimiz də çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni, bu, böyük nailiyyətdir. Mən tam səmimi deyirəm, bu təşkilatda yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır. Çünki təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər.

Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər – sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq. Bir daha sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun. Hər şey Sizin sayənizdədir.

Sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, 2008-ci ildə “Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin həyata keçirilməsinə başlanılıb və layihə mərhələlərlə icra olunub. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, 20 min sakinin yaşadığı 13 kəndə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə bu layihədən 67 min nəfər sakin faydalanacaq. Rayon mərkəzini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib. İlkin mərhələdə Türyançayın məcrasında 2 kəşfiyyat quyusu qazılıb. Mənbədə aparılan tədqiqatlar suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir, şəhər mərkəzi və ətraf kəndləri davamlı olaraq su ilə təmin etməyə imkan verir. Bütün bunlar nəzərə alınaraq ümumi məhsuldarlığı saniyədə 240 litr olan 8 subartezian quyusu qazılıb. Su mənbəyində yerləşən qurğuların Türyançayda baş verə biləcək sel və daşqınlardan mühafizəsi məqsədilə müvafiq tədbirlər görülüb. Subartezian quyularından qəbul olunan suyun toplanması və optimal paylanması üçün tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Əhaliyə verilən içməli suyun keyfiyyətinin standartlar səviyyəsində saxlanılması məqsədilə zərərsizləşdirici qurğu inşa edilib. Anbarlardan şəhər şəbəkəsinə və ətraf kəndlərə suyun nəqli məqsədilə ümumi uzunluğu 13 kilometr olan, 560 millimetr diametrli polad borulardan ibarət 2 magistral su xətti çəkilib. Layihə çərçivəsində Ağdaş şəhərində 183 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və 7500 ev birləşməsi və su sayğacı quraşdırılıb. Şəhər əhalisi yeni tikilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihə çərçivəsində yeni yaradılmış infrastruktur hesabına şəhər mərkəzinə yaxın və magistral su xəttinin marşrutu boyu yerləşən 5 kəndə içməli su verilib. Hazırda Qaradağlı, Zeynəddin, Gürcüva, Nehrəxəlil kəndlərinin və Ləki qəsəbəsinin bir hissəsində 10 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Gələcəkdə daha 8 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bununla da həmin kəndlərdə 11 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin ediləcək.

Bildirildi ki, layihə çərçivəsində Ağdaş şəhərində kanalizasiya infrastrukturu da tamamilə yenidən qurulub. Şəhər ərazisində 166 kilometr kanalizasiya şəbəkəsi tikilib. Hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Şəhərdə yaranan tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə kanalizasiya nasos stansiyası və 9,6 kilometr uzunluğunda əsas daşıyıcı kollektor inşa edilib. Yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə şəhərin cənub hissəsində məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.

Qeyd edildi ki, yeni layihənin icrasına qədər şəhərə içməli su Türyançay çayının yatağında quraşdırılmış drenaj sistemi vasitəsilə verilirdi. Şəhərdə 32 kilometr paylayıcı şəbəkə mövcud olmuşdur və içməli su fasiləli rejimdə verilirdi. 24 min sakinin təxminən 50 faizinə xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhərdə mövcud olmuş 18 kilometr kanalizasiya şəbəkəsi kiçik bir hissəni əhatə edirdi və istismara yararsız vəziyyətə düşmüşdür.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumilikdə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb.

Dövlətimizin başçısı Ağdaş şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirildi.

***

23:15

Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılış mərasimində iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq hazırda ölkəmizin regionlarında infrastrukturun təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması diqqət mərkəzindədir. Bu baxımdan dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında respublikamızda kənd yollarının inşası və yenidən qurulması da geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişlənir. Bu, həm sosial, həm də iqtisadi layihələrdir. Həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılır. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına da təkan verir, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradır. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin ehtiyat fondundan da əlavə vəsait ayrılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Sonra dövlətimizin başçısına rayonun Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə kəndlərarası avtomobil yollarının tikintisi üçün ayrılmış vəsait hesabına 17 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini əhatə edən bu yolun tikintisi məqsədilə 18,7 milyon manat vəsait ayrılmışdır. Dördüncü texniki dərəcəli yolun ümumi uzunluğu 40,5 kilometrdir.

Prezident İlham Əliyevə Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, tamamilə yenidən qurulmuş bu yol 12,8 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Yolun ümumi uzunluğu 27 kilometrdir.

Dövlətimizin başçısı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə son illər Ağdaşda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

***

13:36

Oktyabrın 28-də Ağdaşda Biyan Sənaye Parkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

***

Oktyabrın 28-də Ağdaş Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmirdən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

***

Oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılış mərasimində iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm