İlham Əliyev: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Asan həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Şadam ki, bu mərkəz Şamaxı şəhərində açılır. Şamaxı bizim qədim diyarımızdır, tarixi yerimizdir. Şamaxının çox zəngin tarixi, mədəniyyəti var. Şamaxının tarixi abidələri hər birimiz üçün çox əzizdir. Şadam ki, mənim göstərişimlə qədim Şamaxı Cümə məscidi əsaslı təmir olundu. Bu, Azərbaycanın ən qədim məscididir, müsəlman aləminin ən qədim məscidlərindən biridir. 743-cü ildə inşa edilmişdir. Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin. Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxı rayonunda qazlaşdırma 95 faizdir. Baxmayaraq ki, bir çox kəndlər bir-birindən aralıdır və dağ kəndləridir, amma biz qazlaşdırmanı 95 faizə çatdırmışıq. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir. Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır. Şamaxı Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsiminin vətənidir. Bilirsiniz ki, mənim Sərəncamımla bu il “Nəsimi ili” elan edilibdir. Böyük Nəsiminin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq sabah bütün ölkəmizdə kütləvi ağacəkmə aksiyası keçiriləcək və bütövlükdə 650 min ağac əkiləcəkdir. Nəsimi festivalı ənənəvi xarakter alıbdır. Şamaxının çox qədim tarixi var və çox görkəmli nümayəndələri Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldırırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm