Məmurlar bunu görən kimi dərhal cumurlar ora... - İlham Əliyevdən ŞOK XƏBƏRDARLIQ/VİDEO
Bizi izləyin

Rəsmi xronika

Məmurlar bunu görən kimi dərhal cumurlar ora... - İlham Əliyevdən ŞOK XƏBƏRDARLIQ/VİDEO

Video əlavə olunub.

***

Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident İlham Əliyev qeyd edib:

"O ki qaldı, iri layihələrin icrasına, qeyd etdiyim kimi, onların arasında aqroparklar xüsusi yer tutur. Aqroparkların da yaradılması ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir. Misal üçün keçən il taxılçılıqda bizim orta məhsuldarlığımız kifayət qədər yüksək olub - hektardan 32 sentner, böyük irəliləyişdir. Ancaq iri fermer təsərrüfatlarında bu, 50 sentner, bəzi yerlərdə 60 sentnerdir. Bu, onu göstərir ki, aqroparkların yaradılması çox düzgün qərar idi. Ancaq mənə məlumat verildi ki, bir neçə yerdə nəzərdə tutulmuş aqroparkların yaradılması yubanır, yaxud da ki, işlər ümumiyyətlə getmir. Ona görə mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, bu məsələ araşdırılsın. Təqribən 50-dən çox aqroparkın yaradılması nəzərdə tutulurdu. Araşdırılsın, təhlil aparılsın və mənə məlumat verilsin, əgər o yerlər, sadəcə olaraq, sahibkarlar tərəfindən götürülüb və istifadə olunmur, o yerlər geri qaytarılmalıdır və iş görən sahibkara verilməlidir.

Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər.

Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır.

Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır. O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.

Onu da bildirməliyəm ki, bu müsbət proses bu il də gedir. Hələ yanvar ayının sosial-iqtisadi yekunları mənə məruzə edilməyib. Bu, bir qədər vaxt tələb edir. Amma bir neçə rəqəm artıq mənə deyilib, o cümlədən yenə də vergi və gömrük orqanlarının yanvar ayındakı fəaliyyəti. Beləliklə, bu ilin yanvar ayında vergi orqanları proqnozdan əlavə 120 milyon manat, gömrük orqanları isə 40 milyon manat vəsait yığıblar. Yəni, bir ayda ancaq kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində 160 milyon manat əldə olunub".

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm