• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir - İlham Əliyev

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir - İlham Əliyev

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir.

Publika.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlət başçısı bildirib: "Cənab Prezident Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Sizin səfəriniz çox böyük önəm daşıyır. Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR