İlham Əliyev Goranboyda açılışlar etdi - YENİLƏNDİ
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Goranboyda açılışlar etdi - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Publika.az xəbər verir ki, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıq quraşdırılıb. Bu tibb müəssisəsində şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir. Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi yerləşir.

Sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Goranboy Mərkəzi Rayon Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox şadam ki, qısa müddət ərzində Goranboy şəhərində gözəl tibb mərkəzi yaradılıb. Mənim sərəncamımla iki il yarım bundan əvvəl tikinti başlamışdı və bu gün biz birlikdə bu xəstəxananı açırıq. Özünüz görürsünüz ki, burada bütün şərait ən yüksək standartlara cavab verir. Həm binanın özü çox müasirdir, yaraşıqlıdır, həm də burada quraşdırılan avadanlıq aparıcı şirkətlərin məhsuludur. Bu avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Belə də olmalıdır. Çünki mən demişəm ki, Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq.

Son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.

Əlbəttə ki, buna böyük vəsait lazımdır və dövlət büdcəsinin xətti ilə bu vəsait ayrılır. O cümlədən bu xəstəxana da dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

Bu gün, demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var. Təsadüfi deyil ki, ildən-ilə müayinədən keçən vətəndaşların sayı artır və keçən il 5 milyona çatıb. Beş milyondan çox insan tibbi müayinədən keçib. Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin. Ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Baxmayaraq ki, buradan o qədər də uzaqda olmayan Naftalan şəhərinin müasir tibb ocağı var və kiməsə belə gələ bilərdi ki, o xəstəxana Goranboy sakinləri üçün də xidmət göstərə bilər. Ancaq mən dedim ki, yox, Goranboyda xüsusi olaraq mərkəzi rayon xəstəxanası tikilməlidir. Çünki əvvəlki xəstəxananın binası artıq heç bir standartlara cavab vermirdi.

Bu, bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır. Belə gözəl şəraitdə həkimlər, əlbəttə ki, xəstələrə keyfiyyətli tibbi xidmət göstərməlidirlər. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Mənə verilən məlumata görə, burada 125 həkim və çox sayda tibb işçisi fəaliyyət göstərir. Ona görə belə gözəl şəraitin yaradılması həkimlərin məsuliyyətini də artırmalıdır. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu xəstəxananın həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəklər.

Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.

Eyni zamanda, məktəblərin, ali məktəblərin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlər verilibdir. Bunun da məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır. Yəni, bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır.

Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq biz bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır.

Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.

Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar.

Bir daha demək istəyirəm ki, bizim səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Əlbəttə, biz belə gözəl xəstəxanaları ona görə inşa edirik ki, vətəndaşlar bundan istifadə etsinlər. Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir.

Goranboy rayonunda dövlət xətti ilə bir çox infrastruktur layihələri icra edilib. Mənim göstərişimlə burada qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. İndi qalan kəndlərin qazlaşdırılması nəzərdə tutulur. Bir neçə önəmli yol layihəsi icra edilib. Onlardan birini biz bu gün açmışıq. Yenə də vətəndaşların təklifləri var ki, yeni yolların, kənd yollarının çəkilişi təmin edilsin. Müvafiq göstərişlər veriləcək, sərəncam imzalanacaq. Təmirli yollar 65 faizə çatıb. Şəhərin içməli su ilə bağlı problemi 2014-cü ildə öz həllini tapdı. Mənim iştirakımla burada bu böyük layihənin açılışı həyata keçirilmişdir. Müasir Olimpiya İdman Kompleksi tikilir. Bu da idmançılar və ümumiyyətlə, vətəndaşlar üçün çox lazımlı bir obyektdir. Çünki mən demişəm və bir daha demək istəyirəm ki, hər bir insan müntəzəm surətdə idmanla məşğul olmalıdır. Vaxtilə demişdim ki, hər bir insan müayinədən keçməlidir və biz buna demək olar ki, nail oluruq, əminəm ki, buna da nail olacağıq. Əgər hər bir insan müntəzəm olaraq idmanla məşğul olsa, onun sağlamlığı da yerində olacaq, immuniteti də yüksək olacaq və o, çox keyfiyyətli həyat tərzi sürərək həm çox yaşayacaq, həm də ki, həyatdan zövq alacaq.

Bundan sonra da Goranboy rayonunun inkişafı, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. Goranboyda xalça fabriki açılıb. Bir sözlə, həm infrastruktur layihələri, həm sosial obyektlər, iş yerlərinin yaradılması ilə bağlı olan layihələr icra edilir və ediləcək. Bir daha sizi bu gözəl xəstəxananın açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram, qarşıdan gələn bayramlar münasibətilə, Novruz bayramı münasibətilə təbrik edirəm.

Xəstəxananın həkimi Gülnarə Aslanova: Möhtərəm cənab Prezident, icazə verin, Sizi Goranboy sakinləri adından salamlayım və rayonumuza “Xoş gəlmisiniz!” deyim. Bu gün bizim üçün əlamətdar bir gündür. 2017-ci ildə Sizin Sərəncamınızla Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə start verilmişdi. Heç ağlımıza gəlməzdi ki, bir neçə ildən sonra Goranboyda belə bir möhtəşəm xəstəxananın açılış mərasiminə yığışacağıq. Ona görə də, bu gün Sizə Goranboy sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Tibb kollektivi olaraq, Azərbaycan səhiyyəsinin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyimizə söz verirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Həkim İlqar Musayev: Cənab Prezident, Goranboy camaatı, respublikamızın əhalisi, bütün dünya azərbaycanlıları bayram əhval-ruhiyyəsi içərisindədir. Milli bayramımız Novruz gəlir. Bu bayram bizim üçün əzizdir. Eyni zamanda, Sizin Goranboy rayonuna səfəriniz bu bayram əhval-ruhiyyəsini ikiqat artırır. Artıq neçə ildir ki, Goranboy əhalisi belə bir möhtəşəm binanın tikilib istifadəyə verilməsini arzulayırdı. Hər dəfə Sizin gəlişinizi gözləyirdik, Siz gələsiniz, bu xəstəxana açılsın. Allaha çox şükür, gəldiniz, bu xəstəxananın açılışında iştirak etdiniz, mübarək qədəmlərinizlə xeyir-duasını verdiniz. Allah Sizə cansağlığı versin. Goranboy camaatı adından təşəkkür edirik.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Son illərdə ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Təqdirəlayiq haldır ki, səhiyyə sahəsinin inkişafı ilə bağlı icra olunan layihələr respublikanın bütün bölgələrini əhatə edib. Goranboy Rayon Mərkəzi Xəstəxanasının inşası da bu qəbildən olan tədbirlərdəndir. Bu cür müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır. Bu xəstəxanaların müasir, son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunması ölkəmizin ümumi inkişafının göstəricisidir. Bütün bunlar sübut edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi daim diqqət mərkəzindədir və sosial siyasətdə mühüm yer tutan səhiyyə islahatları uğurla, həm də məqsədyönlü şəkildə davam etdirilir.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm