Prezidentdən sahibkarlara ÇAĞIRIŞ: Azərbaycana vəsait qoyun
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən sahibkarlara ÇAĞIRIŞ: Azərbaycana vəsait qoyun

Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

“Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı, kənd təsərrüfatı layihələrinə, əlbəttə ki, çalışmaq lazımdır. Ancaq əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur”, - Prezident bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm