Düşməni qovuruq və sona qədər qovacağıq - İlham Əliyev
Bizi izləyin

Rəsmi xronika

Düşməni qovuruq və sona qədər qovacağıq - İlham Əliyev

Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilib. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı danışıb.

İşğal edilmiş ərazilərdə vəziyyətin acınacaqlı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”.

Prezident qeyd edib ki, döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhələrimizi, kəndlərimizi hər gün atəşə tutur. “Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm