• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

İlham Əliyev: Bunu Türkiyə özü müəyyən edəcək - VİDEO

İlham Əliyev: Bunu Türkiyə özü müəyyən edəcək - VİDEO

Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, sərhədlərin bağlı olması əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyənin Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal əlaqələr qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq, eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistan Prezidenti nə söyləyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər? Onlar necə deyərlər, ağlını başına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır”.

Prezident qeyd edib ki, yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxır. “Bu əlaqələrin normallaşması üçün bizim indi hər hansı bir xüsusi fikrimiz yoxdur. Türkiyə özü müəyyən edəcək ki, bu sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Hər halda Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Çünki hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni, Ermənistan–Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər biz bu koridorlardan söhbət ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qərarıdır. Bir halda ki, siz məndən bunu soruşursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqe yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR