Prezident Qazaxıstanın Xarici İşlər nazirini qəbul etdi - (YENİLƏNİB)
Bizi izləyin

Rəsmi xronika

Prezident Qazaxıstanın Xarici İşlər nazirini qəbul etdi - (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.

Publika.az xəbər verir ki, Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi bildirildi, Prezidentlər arasında daimi təmasların əməkdaşlığımızın inkişafı üçün yaxşı əsas yaratdığı vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olundu. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirildi.

Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edildi və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olundu. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq sahəsində də sıx əlaqələrin mövcud olduğu məmnunluqla qeyd edildi.

Muxtar Tleuberdi Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını səmimiyyətlə təbrik etdi. O, bu Qələbənin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm