FHN-in yanğın-xilasetmə qrupu Muğlada fəaliyyətə başladı
Bizi izləyin

Rəsmi xronika

FHN-in yanğın-xilasetmə qrupu Muğlada fəaliyyətə başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə yollanan üçüncü yanğın-xilasetmə qrupu avqustun 8-də Muğla şəhərində fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupunun tərkibinə 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Bu qrupun üzvləri Muğlanın ətrafında yerləşən, gərgin alov nöqtələrindən olan Çayhisar kəndində yerləşərək orada yanğınla mübarizə aparırlar. Yüksək fədakarlıq nümayiş etdirən yanğınsöndürənlərimiz artıq bir neçə ərazidə yanğınların geniş əraziyə yayılmasının qarşısını almağa nail olublar.

Xatırladaq ki, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizdən ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib.

FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar.

İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsi istiqamətində hərəkət edir.

Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm