Prezident və xanımı Füzulidə - FOTO
Bizi izləyin

Rəsmi xronika

Prezident və xanımı Füzulidə - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Publika.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev Füzuli şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkiblər.

Publika.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma yaradılacaq yeni park barədə məlumat verdi.

Bildirildi ki, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

Publika.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Diqqətə çatdırıldı ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Prezident İlham Əliyev Mərkəzin təməlini qoydu.

Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma Füzuli Beynəlxalq Hava Limanında görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.

xxx

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun tikintisi barədə məlumat verildi.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, yolun tikintisi Prezident İlham Əliyevin bu ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçiriləcək. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulur. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun təməlini qoydu.

Onu da qeyd edək ki, Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, Zəfər yolu və Füzuli-Hadrut yollarında aparılan işlər də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm