• USD 1,7000 0,00% EUR 1,9262 +0,30%
    • GBP 2,2640 -0,01% RUB 0,0230 +0,43%

Prezidenti təbrik edirlər

Prezidenti təbrik edirlər

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.

Zati-alinizin liderliyi ilə qazanılmış bu şanlı Zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.

Əminəm ki, qardaş Azərbaycanın gələcək inkişafında bu Qələbənin böyük töhfələri olacaq, Qarabağdakı dağıdılmış tarixi və mədəni mirasımız tezliklə Sizin rəhbərliyinizlə bərpa edilərək dünya mədəniyyətinə qovuşacaqdır.

TÜRKSOY ilə Azərbaycan Respublikası arasında mədəniyyət sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsini, Zati-alinizin müdrik və qətiyyətli rəhbərliyi ilə Azərbaycan xalqının daim müstəqillik və əmin-amanlıq şəraitində yaşamasını arzu edirəm".

xxx

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri, möhtərəm cənab Prezident,

8 Noyabr - Zəfər Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu onillər boyunca davam edən haqsızlığa, zülmə, ədalətsizliyə və hüquqsuzluğa son qoydu, Birləşmiş Millətlər Təşkilatının qətnamələrini öz gücü ilə icra etməklə ikili standartları zərərsizləşdirdi.

Bu şanlı Zəfər birlik, dönməzlik və əyilməz iradənin rəmzi kimi yalnız qardaş Azərbaycanın deyil, bütün türk dünyasının tarixinə qızıl hərflərlə əbədi həkk olundu.

Türk dünyasında milli kimliyin, düşüncə və fikir birliyinin yüksək səviyyəyə qalxmasına vəsilə olan, səmərəli və faydalı əməkdaşlığımıza yeni üfüqlər açan möhtəşəm Zəfər Günü münasibətilə Zati-alinizi bir daha təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, qardaş Azərbaycanımıza sülh, inkişaf, əmin-amanlıq və firavanlıq diləyirəm".

xxx

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Bu günlərdə Azərbaycanın dostları Azərbaycan xalqını Vətənin ərazi bütövlüyünü təbii sərhədlər daxilində öz gücünə bərpa etməsi münasibətilə təbrik edirlər. 8 Noyabr Azərbaycanın müasir tarixində ən parlaq, ümummilli bayrama çevrilib. Keçmiş SSRİ respublikalarının çoxu müstəqillik əldə edəndə ciddi, bəziləri isə həlledilməz problemlərlə üzləşmişdi. Siz Ali Baş Komandan kimi Azərbaycanın əsas problemini müvəffəqiyyətlə həll etməyə nail oldunuz. Bu Qələbə erməni xalqının yeni nəsillərinə də çoxdan köhnəlmiş, təhlükəli fobiyalardan xilas olmağa, qonşularla əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamağa imkan verəcək.

Azərbaycana səmimi-qəlbdən sülh və tərəqqi, dahi Heydər Əliyevin oğluna və onun ailəsinə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

xxx

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident,

Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımıza inam gəldi. Tarixi Zəfər Sizin uzun illər Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizə, diplomatik fəaliyyətiniz və ordu quruculuğu nəticəsində mümkün oldu.

Hazırda Qarabağ bölgəsində qarşıda böyük bərpa işləri durur. Füzuli Beynəlxalq Hava Limanının qısa zamanda tikilib istifadəyə verilməsi göstərdi ki, Sizin rəhbərliyiniz altında aparılan bərpa işləri böyük sürətlə həyata keçirilir və ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ bölgəsi dünyanın ən gözəl guşəsinə, respublikamızın mənəvi paytaxtına çevrilir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə böyük uğurlar arzulayıram".

xxx

Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident,

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alinizi - dünya şöhrətli qalib siyasi lideri Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə Sizə Ulu Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini - Vətən müharibəsindəki Zəfərinin qürurunu yaşayır. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər Günü kimi həkk etmiş şəxsiyyət olaraq bu bayramın sevinc və şərəfini ən çox haqq edən məhz Zati-alinizdir. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirir. Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə olaraq Sizin dünya miqyasında apardığınız fəal, dərin zəka və dəmir məntiqə əsaslanan siyasət Azərbaycanın haqq işinin davamlı qələbəsini təmin etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın Dövlət Bayrağı azad Qarabağda dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri fəxr edirik ki, dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan şanlı Zəfərin müəllifi Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyevdir. Bu mübarək bayram bizə fürsət verir ki, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Sizə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan monoetnik, faşizm, vandalizm təzahürlərinə haqq qazandıran Ermənistana qalib gəldi. İşğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələrini - vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, Sizin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər həmin məkanların tezliklə bərpası istiqamətində həyata keçirdiyiniz genişmiqyaslı quruculuq işləri, Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir. Qısa zamanda Azərbaycanın Qarabağ torpaqları Sizin möhkəm siyasi iradəniz sayəsində öz yeni, nəfis görkəmi, möhtəşəm infrastruktur layihələri, abad şəhər və kəndləri, beynəlxalq hava limanları ilə hər birimizi sevindirir. Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alinizin Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttini və Sizinlə birgə böyük səylər göstərən silahdaşınız Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini hər zaman dəstəkləyirlər. Biz dini konfessiya rəhbərləri olaraq Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza görə təmsil etdiyimiz icmalar adından dərin minnətdarlığımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik.

Möhtərəm cənab Prezident, ölkə dindarlarının adından Sizi bir daha Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirik. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik. Qoy bu Zəfər bayramı, böyük Qələbəmizin ilk ildönümü dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız daim yardımçınız olsun, öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR