Prezident Laçın yolundan keçən avtomobillərin sayını açıqladı
Bizi izləyin

Rəsmi xronika

Prezident Laçın yolundan keçən avtomobillərin sayını açıqladı

Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən məlumat verib.

Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ötən ilin dekabrın 12-dən etibarən başlayıb.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm