İlham Əliyev bu qanunları təsdiqlədi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev bu qanunları təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin aprelin 1-də qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icra məmuru tərəfindən nağd qaydada qəbul edilməsinə, yaxud tələbkara və ya borcluya ödənilməli olan pul vəsaitlərinin ödənilməsinin icra məmuru tərəfindən nağd qaydada həyata keçirilməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manata qədər cərimə ediləcək.

Eyni zamanda icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini yalnız nağdsız qaydada həyata keçirir.

Bundan başqa, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.

İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir.

İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir.

xxx

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, dəyiikliyə əsasən, aşağıdakılar nəzərdə tutur:

- "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları"nın (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilməsi. Bu tənzimlənmə o halda tətbiq ediləcəkdir ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.

- maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusunun müəyyən edilməsi və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblərin müəyyən edilməsi. Bu məqsədlə Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və onlar reklam subyekti kimi tanınır. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir.

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilir.

Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Həmçinin sənəddə qeyd edilib ki, rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir.

Bununla bərabər, tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib.

Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib. Məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm