Mənfi hisslər hansı orqanlara ziyan vurur?
Bizi izləyin

Sağlamlıq

Mənfi hisslər hansı orqanlara ziyan vurur?

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb.

Publika.az həkimin verdiyi maraqlı məlumatları təqdim edir:

Əsəb və qaraciyər

Həkimin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir:

“Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır”.

Kədər və ağciyərlər

Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur.

“Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”.

Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir.

Qorxu və böyrəklər

Daxili orqanlara pis təsir edən duyğulardan biri də qorxudur. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir.

Zehni yorğunluq və dalaq

Zehni yorğunluğun dalağı sıradan çıxartması bir az qəribə səslənsə və inandırıcı görünməsə də araşdırmalarla təsdiq edilən faktdır. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir.

Nifrət və ürək

Həkim mənfi duyğuların ürəyə də təsir etdiyini vurğulayıb. O qeyd edib ki, ürəyə ən çox ziyan vuran hiss nifrətdir.

“Nifrət hissi ürəyin ritmini pozur. Ürək daha sürətlə döyünür. Bu isə həmin orqanın yorulması ilə nəticələnir”.

Birsel Kavaklı mənfi hisslərin təsirindən qorunmağın tək yolunun müsbət düşüncələr və pozitiv enerji olduğunu qeyd edib. “Nifrət etmək əvəzinə sevin, gələcəyə ümidlə baxın. Bu həm mənəvi, həm də fiziki baxımdan sizə çox yaxşı təsir edəcək”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm