Azərbaycanlı kişi ginekoloqdan VACİB XƏBƏRDARLIQ: Doğuş zamanı koronavirusun körpəyə...
Bizi izləyin

Sağlamlıq

Azərbaycanlı kişi ginekoloqdan VACİB XƏBƏRDARLIQ: Doğuş zamanı koronavirusun körpəyə...

“Bu tip pandemiyanın insanlarda xəstəlik törədən versiyası çox yeni olduğuna görə daha dəqiq məlumat vermək çətindir. Virusun xüsusən yaşlılara ziyan vermə səbəbi yaşlandıqca qanda artan protein qrupu ilə əlaqəlidir. İndiki halda bu protein qrupu gənclər və uşaqlarda olmadığına görə çox zərər verəcəyini düşünmürük”.

Bu sözləri Publika.az-a açıqlamasında uzman ginekoloq-cərrah Emin Haqverdiyev koronavirusun hamilə qadınlar üçün risk məsələsindən danışarkən deyib. O, hamilə xanımlar və yeni doğulmuş körpələrə koronavirus testinin tətbiqi məsələlərinə də aydınlıq gətirib:

“Hamilə olub-olmamasından asılı olmayaraq, özündə hansısa simptomları hiss edən xanımlar əlbəttə ki, həm tibbi cəhətdən nəzarətdə olması, həm də ətrafdakı insanlara zərər verməməsi üçün o testi etdirməlidir. Doğulandan sonra körpəyə də bu testi etdirmək mümkündür. Yoluxmuş körpələrin müalicəsi də digər yetişkinlərdəki kimi davam etdirilir. Yəni, tənəffüs dəstəyinə ehtiyac varsa, cihazdan istifadə olunur, çünki hələ də bu virusa faydalı olacaq dəqiq dərman qrupu aşkarlanmayıb”.

Ginekoloq bildirib ki, virus uşaqlara südlə yox, əsasən damcı yolu ilə keçir:

“Xəstələnən körpələrdə virus südlə yox, əsasən damcı yolu ilə keçir. Koronavirusun körpəyə doğuş zamanı qanla keçdiyini düşünmürük. Uşaq doğulandan sonra virusa yoluxmuş insan tərəfindən tənəffüs yolu ilə yoluxdurula bilər”.

Həkimin sözlərinə görə, maska taxmaq, əlləri tez-tez yumaq və evdə qalmaq kimi normal profilaktik qaydalara əməl etdikdə, hamilə xanımlara və uşaqlara yoluxma ehtimalı digər insanlardan heç də artıq deyil:

“Virusdan qorunmağın ən səmərəli üsulu lazım olmadığı müddətdə çölə çıxmamaqdır, çölə çıxdıqda isə gələn kimi paltarlarını bir yerə yığmaq, hamam otağına keçib, uşağın əl-üzünü yumaq, mümkünsə duş aldırmaqdır.

Profilaktik tədbirlər kimi bunları etmək olar:

“Dırnaqlar qısa kəsilməlidir. Çöldən evə daxil olanlar üzərindəki geyimləri dəyişib, hamam otağında əl-üzünü sabunla yaxşıca yuyub, yeni geyimlə evə daxil olmalıdır. Gün ərzində əllərini buruna, üzə tez-tez toxundurmayın. Çöldən gələn yeyəcəklər qapıda ən az 2-3 saat saxlanılsın, sonra içəriyə alınsın.

Ayaqqabılar üçün xüsusilə uşaqların təmas edə bilməyəcəyi ayrıca yer ayrılsın. Çünki o hissəciklər ayaqqabının altında evə gələ bilər”.

Həkim koronavirusdan qorunmaq üçün düzgün qidalanma formasından da danışıb:

“Mümkün qədər təbii qidalara üstünlük verin. Hər hansı xüsusi qida deyil, tarazlı qidalanma – yəni, az-az hər şeydən yemək önəmlidir. Çünki hansı qida qrupunun virus üçün faydalı olacağı haqda məlumatımız yoxdur. Peyvəndi və yaxud özünəməxsus immunitet forması tapılanadək bu virusla yaşamalı olacağıq. Bu dövrü sağlam şəkildə başa vursaq belə, illər ərzində mutasiyaya uğramış forması qarşımıza çıxacaq”.

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm