Professor Adil Qeybulla koronavirusun riskləri haqqında: “Böyük tələfatla müşayiət oluna bilər!”
Bizi izləyin

Sağlamlıq

Professor Adil Qeybulla koronavirusun riskləri haqqında: “Böyük tələfatla müşayiət oluna bilər!”

“Karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri tanımış professor Adil Qeybulla deyib. Professor hesab edir ki, karantin rejiminin yumşaldılması mərhələsinə başlansa da, sərt qaydalar gözlənilməlidir:

“Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştammlarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu böyük tələfatla müşayiət oluna bilər!”

Ekspertin sözlərinə görə, koronavirus infeksiyasının qarşısını almaq üçün dünya ölkələrinin tətbiq etdiyi üsul ən doğru yoldur:

“Razılaşarsınız ki, ən optimal yol bu gün dünyanın getdiyi yoldur. Odur ki, biz sosial məsafəni gözləmək, maskada gəzmək, sanitar qaydaları gözləmək kimi tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı virusun dünyada yoxa çıxması haqda hesabat verənə qədər davam etdirməliyik. İkinci dalğanın olmasına yol vermək olmaz. Bu bizə ağır başa gələ bilər! Hər il dünyada respirator virus infeksiyalarından minlərlə insan dünyasını dəyişir. Builki COVID-19 sürprizi isə hər il yeni formada bizi fakt qarşısında qoya bilər. İnsanların sayı həndəsi silsilə ilə artır, buna bağlı problemlər (qidalanma, yaşam yerləri, sosial sıxlıq) də artmaqda davam edir. Ona görə də bu davranışa öyrəşməliyik.

Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni şərf forması təklif edilsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şərf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifikasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şərf və ya geyim formasının icad olunmasına ehtiyac duyulacaq. ÜST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqoritmə bu formanı da sala bilər...”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm