Əsgərlərimizə görə bunları edin - Rəşad Mahmudovdan ÇAĞIRIŞ
Bizi izləyin

Sağlamlıq

Əsgərlərimizə görə bunları edin - Rəşad Mahmudovdan ÇAĞIRIŞ

Koronavirus bu gün dünya üçün hələ də ciddi problem olaraq qalır. Əfsuslar olsun ki, COVID-19 yoluxmalarının son aylarda ölkəmizdə nəzarətdə olması, eyni zamanda xəstəlikdən ağırlaşma ehtimalının az olması, eləcə də bu gün Qarabağ yolunda apardığımız mübarizənin həyəcanı bizi bir qədər koronavirus tədbirlərindən uzaqlaşdırıb.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, döyüşlərdə əsgərlərimizin Qarabağ uğrunda vuruşması, sivil insanların həyatlarını itirməsi kimi həqiqətlə üz-üzə ikən insanlarımız koronavirus infeksiyasına laqeydlik göstərir. R. Mahmudov hər kəsə vacib mesaj verib:

“Biz ehtiyatlı olmağı sadəcə sizin və sevdiklərinizin xəstələnməməsi naminə söyləmirik. Önümüzdəki günlərdə və aylarda hər hansı alovlanma olarsa, bu alovlanma nəticəsində xəstəxanalarda çarpayılar koronavirus xəstələri tərəfindən tutula bilər. Bu, insan resurslarının, həkim və tibb bacılarının daha çox virusla mübarizəyə səfərbər olmasına səbəb olacaq. Bunun da birmənalı təsiri Azərbaycan əsgərinin ön cəbhədə vuruşduğu zaman ola biləcək zədələnmələr və yaralanmalarda səhiyyə işçilərinin onlara verə biləcəyi xidmətin səviyyəsini aşağı salacaq.

Odur ki, bunları nəzərə alaraq bütün Azərbaycan xalqını koronavirusdan qorunmaq üçün əsas qaydalara əməl etməyə səsləyirəm. Bu, həm də səhiyyə eksperti kimi tələbdir. Əvvəlkindən fərqli olaraq biz daha sadəcə özümüzü və əzizlərimizi qorumaq üçün deyil, Azərbaycan Ordusunun hər bir əsgərinə haqq yolunda apardığı mübarizəsinə və Qarabağ probleminin həlli istiqamətində qazanmış olduğumuz bu böyük şansa dəstək üçün daha çox və daha ciddi şəkildə 3 sadə qaydaya əməl etmək məcburiyyətindəyik. Əmin olun ki, sosial məsafə, maska və gigiyena qaydalarına riayət etməklə əsgərimizə ən böyük faydanı vermiş olarıq. Əsgərlərimizə xidmət edən tibb işçilərinin gücünü onlardan ayırmamalıyıq. Çünki bu gün Azərbaycan tibb işçilərinin böyük hissəsi ön cəbhədədir, hərbi hospitallarda xidmət edirlər. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı sözlərimizə daha həssas yanaşar, hər kəs daha ciddi və daha məsuliyyətli şəkildə koronavirusdan qorunmağı müharibə vəziyyətinin bir parçası kimi qəbul edər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm