Professordan koronavirusla bağlı mühüm xəbərdarlıq: Hərbçilərlə təmasda ola bilərlər...
Bizi izləyin

Sağlamlıq

Professordan koronavirusla bağlı mühüm xəbərdarlıq: Hərbçilərlə təmasda ola bilərlər...

“Son günlər müşahidə olunan epidemioloji vəziyyətin pisləşməsi halı pandemiya ilə mübarizə tədbirlərinə etinasız yanaşma, məsələnin diqqətdən kənarda qalması və vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır”.

Publika.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla belə deyib.

O qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib: “Bu gün Azərbaycan həyati əhəmiyyətli işlə məşğuldur, torpaqlarımız işğaldan azad edilir. Ancaq bununla yanaşı, arxa cəbhədə olan vətəndaşlarımız da görülməsi vacib olan tədbiri diqqətdə saxlamalıdırlar. Bunun üçün əhali ilə maarifləndirici tədbirlər mütəmadi aparılmalıdır. Hətta döyüş yerlərində, əsgərlərin istirahət etdiyi məkanlarda, hərbi hissələrdə belə karantin davranışlarına ciddi əməl edilməlidir. İnsanlar müəyyən səbəblərə görə hərbçilərlə təmasda ola bilərlər. Buna görə də hərbi hissələrdə son dərəcə diqqətli olmaq lazımdır”.

A.Qeybulla bildirib ki, məktəblərə ciddi nəzarət olunmalı, o cümlədən insanların kütləvi toplaşma yerlərində, qapalı məkanlarda nəzarət gücləndirilməlidir: “Bu gün Avropada ikinci dalğa müşahidə edilir, bəzi şəhərlərdə karantin elan edilib. Dünyada pandemiya ilə bağlı sərt tədbirlər görüldüyü halda, biz bir qədər məsuliyyətsiz yanaşırıq. Bu səbəbdən də son günlər artım müşahidə olundu. Ölkəmizdə hələ birinci dalğa bitməyib. Virusla mübarizə tədbirlərinə bir qədər səthi yanaşan kimi infeksiyaya yoluxma artır, tez-tez dəyişən epidemioloji vəziyyət müşahidə edilir. Bu baxımdan da sözügedən məsələ ilə bağlı maarifləndirmə tədbirləri artırılmalı, karantin davranışlarına ciddi əməl olunmalıdır”.

Professorun sözlərinə görə, payızda respirator xəstəliklər ənənəvi olaraq yayılır: “Koronavirusla digər respirator xəstəliklərin müştərək əlamətləri var- qızdırma, halsızlıq, öskürək və s. Bu səbəbdən də karantin davranışlarına əməl etmək- sosial məsafə gözləmək, maska taxmaq, əlləri dezinfeksiya etmək həm də bu xəstəliklərdən qorunmağa kömək edir. Pandemiyanın son zəngi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çalınana qədər qeyd edilən tədbirlərə əməl olunması zəruridir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm