İnfeksionistdən XƏBƏRDARLIQ - Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin ki...
Bizi izləyin

Sağlamlıq

İnfeksionistdən XƏBƏRDARLIQ - Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin ki...

Dağlıq Qarabağ uğrunda gedən Vətən müharibəsinin başlaması ilə xalqımızın bütün diqqəti cəbhədə gedən döyüşlərə yönəldi. Nəticədə, insanlar daha çox bir yerə yığışmağa, qələbə sevinclərini özünəməxsus şəkildə qeyd etməyə və küçələrə axışmağa başladı, eyni zamanda maskalardan istifadə də azaldı. Sözsüz ki, bütün bunlardan sonra koronovirus xəstələrinin artması müşahidə olundu.

Bu sözləri Publika.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Ekspert qeyd edib ki, profilaktik qaydalara əməl etmədikdə xəstəliyin yoluxuculuğu sürətlə artmağa başlayır.

“Odur ki, deyilən qaydalara mütləq şəkildə əməl etmək lazımdır. Sosial məsafə, maskadan istifadə etmək, eləcə də əlləri tez-tez yumaq lazımdır. Bunların içində ən vacibi maskalardan istifadədir. Həm xəstə, həm də sağlam şəxslər maskalardan istifadə etdikdə virusa yoluxma riski 97 faizə qədər azalır. Koronavirus hava damcı infeksiyasıdır, xəstə şəxsdən tənəffüs yolları ilə ətrafa yayılan xırda damcıların içində minlərlə koronovirus infeksiyası olur. Bu damcılar sağlam şəxslərin tənəffüs yollarına daxil olarsa, yoluxmaya səbəb olur.

Xəstəliyin artmasının digər bir səbəbi havaların soyumasıdır. Koronavirus kəskin respirator virus infeksiyasıdır. Günəşin ultrabənövşəyi şüasının zəifləməsi də virusun aktivliyinin artmasına səbəb olacaq. Yayda küçədə yoluxma halları sıfıra bərabərdisə, qışda açıq havada da yoluxma ehtimalı var.

Bacardıqca təmiz havada, günəş altında olun, mənzilinizi tez-tez havalandırın! Mənzilinizə günəş şüalarının düşməsini maksimum təmin edin! Yadda saxlayın ki, havalandırılmayan məkanda virus daha sürətlə yayılır. Sağlam qidalanın, bacardıqca təbii qida məhsullarına üstünlük verin! Normal qidalandıqda orqanizm xəstəliklə mübarizə üçün kənardan bütün lazımi maddələri qəbul edir!”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm