COVID-19 geri qayıdır? - Həkimdən XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

COVID-19 geri qayıdır? - Həkimdən XƏBƏRDARLIQ

"Son günlər ölkəmizdə koronavirusa yoluxmanın artması hər kəsdə narahatlıq yaradır və böyük sual doğurur: COVID-19 gerimi qayıdır? Verilən rəqəmlərə əsasən müəyyən olunub ki, bir sıra Avropa ölkələrində, həmçinin bizdə yoluxma sayında ciddi artım var".

Bunu Publika.az-a açıqlamasında həkim-terapevt Selcan Qafarlı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın hələ bitmədiyi və yeni ştamların meydana çıxması ilə əlaqədar insanları xəbərdar edir: "Keçən iki həftədə yoluxma sayında olan 30 faiz artım hamını narahat edir. ÜST insanları tədbirli olmağa çağırır. Hazırda aktiv xəstə sayını ciddi şəkildə artıran Omikronun alt variantı B.A.2.75 mutasiyasıdır. Yeni mutasiyanın Omikronun yüksək bulaşdırıcılığına, Deltanın da ağır gedişinə səbəb olan xüsusiyyətləri daşıdığı məlum olub. Əvvəl COVID-19 keçirmiş insanların yenidən yoluxma ehtimalı da var".

Həkim xəbərdarlıq edib ki, risk qrupunda və yaşı 60-dan yuxarı pasientlərdə yeni mutasiyalar daha ağır keçə bilər: "Bununla əlaqədar virus pandemiyasının bitdiyini düşünüb tədbirləri bir kənara qoymaq olmaz. Şəxsi gigiyena, sosial məsafə və maska qaydalarına əməl etməli, bacardıqca insanların çox olduğu məkanlardan uzaq durmalıyıq".

S.Qafarlı onu da qeyd edib ki, peyvənd olunmuş insanlarda Omikronun yeni ştammlarının daha xəfif görünməsi müşahidə edilir:

"Yeni mutasiyaların meydana çıxması ilə birlikdə sentyabr və oktyabr aylarında yeni peyvəndlərin gətirilməsi güman olunur. Unutmayaq ki, biz insanlar virusdan daha güclüyük, qeyd etdiyim tədbirlərlə pandemiyanı dəf edə bilərik".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm