"Ebola" - Afrikadan gələn bəla
Bizi izləyin

Sağlamlıq

"Ebola" - Afrikadan gələn bəla

"Ebola" virusu və ya qısaca olaraq Ebola - filoviruslar fəsiləsinə daxil olan Ebolavirus növünə aid olan ümumi virusların adıdır. Ebola virusu ilk dəfə 1976-cı ildə Zairdə Ebola gölü ərazisində aşkar edilib. Virusa yoluxan xəstələrin ölümlə nəticələndiyi hadisələrin sayı gözləniləndən çoxdur, bir neçə hallarda göstəricilər hətta 90%-ə çatır. Ebola - keçici hemorragik qızdırmaya səbəb olan virusdur.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Onun qarşısını almaq üçün hal-hazırda heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları da müşahidə edilir.

Ebolanın 5 növü mövcuddur: Zair, Sudan, Reston, Kotdvuar və Bundibugio ebolavirusları. Güman edilir ki, Zair virusu ilk dəfə Sudanın Nzara şəhərciyində yerləşən fabrik işçilərində aşkar edilib. Virus aşkar edildikdən dərhal sonra həkimlər şəhərcikdə heyvanlar, həşəratlar üzərində test aparsalar da virusun daşıyıcısı tapılmayıb.

Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub.

1976-cı ildə ölümlə nəticələnən xəstəliyin göstəriciləri 54%, 1979-cu ildə 68%, 2000-2001-ci illərdə isə 53% təşkil edib. Mətbuatda yayılan bəzi məlumatlara görə, virus sonuncu dəfə 2014-cü ilin avqust ayında Konqo Demokratik Respublikasında aşkar edilib. Digər mənbələr isə ekspertlərin bu virusun ilk partlayışı, "sıfır pasiyent" adlanan şəxs 2013-cü ilin dekabr ayının 6-da Qvineyanın Gueckedou adlanan regionunda iki yaşlı oğlanda aşkar edilib.

"Ebolanın 10 günə götürdüyünü, SPİD 10 ilə götürür"

Ebola virusuna yoluxanların acı aqibəti sanki dəhşətli bir filmin süjetidir. Liberiyada Ebola virusu üzrə milli tibbi məsləhətçi və Syerra-Leonedə Şeyx Xumar Xanın məsləhətçisi, Ebola üzrə ekspert olan Semüel Brisbenin ölümünü necə izah etmək olar?

İnfeksiya xəstəlikləri haqqında yazılan bir neçə kitabın müəllifi Riçard Preston 1994-cü ildə "New Yorker" qəzetinə mövzu ilə bağlı şərhində "Ebolanın 10 günə götürdüyünü, SPİD 10 ilə götürür" - deyə qeyd edib.

Nəyə görə dünya Ebola virusuna qarşı vaksini hazırlamaqda maraqlı deyil?

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan Ebola virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son verilən məlumatlara görə, ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. Hal-hazırda mütəxəssislər Afrikada Ebola virusunun yayılmasının kritik duruma çatdığını bildirirlər. Eboladan ölənlər artıq nəinki Afrikada, ABŞ-da, Səudiyyə Ərəbistanında, İspaniyada də ölüm hallarının sayı get-gedə çoxalır.

Buna baxmayaraq, hələ də bu virusa qarşı vaksinin hazırlanmasına heç bir böyük farmoloji şirkət tərəfindən pul ayrılmayıb. Bunun səbəbini vaksinin məhdud satış bazarı olduğuna görə şirkətlərə böyük mənfəət gətirməyəcəyi ilə əlaqələndirirlər.

Necə axı birdən birə bu virus belə tez bir zamanda geniş yayıldı? Bu suala cavab tapmaq üçün ilk öncə Ebola virusu haqqında Dünya Səhiyyə Təşkilatının hesablarına diqqət etmək lazımdır.

"Ebola bütün dünya üçün təhlükəlidir" - bu bəyanatla Dünya Səhiyyə Təşkilatı çıxış edib. Virusa yoluxanların 90%-nin ölümlə nəticələndiyi bu müəmmalı xəstəlik nəinki həkimlərin, həmçinin hərbçilərin də marağına səbəb olub.

Vaksinin hazırlanması ilə bağlı araşdırmalara əsasən, Ebolanın bioloji silah kimi istifadə ediləcəyindən ehtiyat edən ABŞ Müdafiə Nazirliyi və Milli Səhiyyə İnstitutu vaksinin hazırlanması üzrə aparılan tədqiqatları maliyyələşdirməni öz üzərinə götürüb. Bu maliyyələr sayəsində heyvanlar üzərində müvəffəqiyyətlə keçirilən testlərdən sonra vaksinin bir neçə prototipi hazırlanıb. Sarepta və Tekmira şirkətləri artıq bu prototipləri insanlar üzərində testdən keçirməyə başlayıblar.

Maliyyələşdirmənin aşağı səviyyədə olduğunu görən ABŞ ordusunun infeksiya xəstəliklərinin İnstitunun virusoloqu Cin Olinger 2012-ci ildə virusa qarşı vaksinin yalnız 5-7 ilə əldə edilə biləcəyini deyib. Daha sonra 2012-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi "maliyyə çətinliyi" yaşadıqlarına görə, aparılan tədqiqatların maliyyəsini dayandırmaq məcburiyyətində olduğunu bildirib.

Vaksinin hazırlanmasında iştirak edən mütəxəssislərin BBC-yə verdiyi məlumatda bildirilib ki, ABŞ Müdafiə Nazirliyi maliyyəni dayandırdığı təqdirdə, vaksini hazırlamaq heç vaxt mümkün olmayacaq.

Ebola ideal bioloji silahdır

Məlum olduğu kimi xəstəliyə qarşı vaksinin hazırlanması üzrə aparılan araşdırmaları Pentaqon maliyyələşdirib. Nəyə görə bu işdə məhz Pentaqon belə maraqlı olsun? Nəzəriyyədə bu suala iki cavab var:

1) Ebola ideal bioloji silahdır. Yoluxma o qədər sürətlə gedir ki, onun vasitəsi ilə çox qısa müddətdə istənilən izolyasiya edilmiş insan qrupundan tutmuş bütöv bir ölkənin əhalisinədək məhv edə bilər (təbii, əgər həmin ölkə ilə qonşu ölkələrin sərhədlərini bağlayarlarsa).

2) KİV-in bu haqda çaxnaşma salması kifayətdir ki, virusun vaksinini ölkələrə 3 dəfə baha qiymətə satsınlar. Bu artıq dəfələrlə təcrübədən keçirilib. Misal üçün, dünyaya vəlvələ salan quş və donuz qripi məhz bu üsulla aparılıb. Təbii ki, bu hələ ki, sadəcə bir iddiadır. Lakin buna baxmayaraq, hələ ki, başqa bir izah yoxdur: misal üçün, diabet və ya digər ölümcül xəstəlikləri hələ patentləşdirən olmayıb axı...

Bununla bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla belə bir iddiaların ittiham xarakterli olduğunu bildirdi: "Belə iddialar irəli sürüldükdə, bunu sübut edən əsaslar da olmalıdır. Bu sadəcə bir ehtimaldır, çünki bu virusun xassəsi genetik quduzluq virusuna yaxındır, lakin mahiyyətcə özünü digər qızdırmalar kimi aparan Ebola virusu kifayət qədər təhlükəlidir və onun birdən birə peyda olduğuna görə çoxlarında şübhə yaradır. Virus həyatın qeyri-hüceyrəvi formasıdır".

A.Qeybullanın sözlərinə görə, virus formasını, yəni tərkibini dəyişdikdə onun xassələri də dəyişir". Ekspert hepatit B, C viruslarının ilkin olaraq hepatit A virusunun, tanıdığımız sarılıq virusunun modifikasiyaları, yəni növlərinin dəyişməsini misal gətirdi. "Bu virus da həmçinin ola bilər ki, laboratoriya şəraitində xassələrini dəyişsin, yeni bir forma alsın" - deyən A.Qeybulla əsas problemi kimi infeksiyanın artıq yayıldığı ölkənin hüdudlarından kənara çıxdığını vurğuladı. Ekspertin sözlərinə görə, infeksiyanın hava-damcı yolu ilə keçməsi hələ ki, sübut edilməyib: "Hələ ki, virusun qan yolu ilə yayılması sübut edilib. Əgər hava-damcı yolu ilə virusun yayılma faktı olarsa, o zaman bu çox böyük pandemiyalara, epidemiyalara və bunun nəticəsi kimi çox böyük insan tələfatına gəlib çıxarar".

Amerika alimlərinin uğurlarını rusiyalı alimlər təkzib edirlər

Bizimyol.info Washington Posta istinadən xəbər verir ki, 30 il ərzində bu vaksinin hazırlanması üzrə tədqiqatlar aparan ABŞ alimlərinin sözlərinə görə, tədqiqatlar artıq yekunlaşmaq üzrədir. Dərman hal-hazırda meymunlar üzərində təcrübədən keçirilib və bir neçə ampul artıq virusa yoluxmuş amerikan həkimləri üçün Liberiyaya göndərilib. Eksperimental vaksinlərdən sonra həkimlərin səhhəti yaxşılaşmağa doğru gedib. Mütəxəssislər söz verirlər ki, möcüzə vaksin daha sonra kütləvi şəkildə ölkələrə yayılacaq.

Amerika və Rusiya arasındakı soyuq müharibə burada da özünü göstərir. Belə ki, rus alimləri amerikan alimlərinin bu bəyanatlarına şübhə ilə yanaşırlar. Onların sözlərinə görə, qərb həkimlərinin ucadan bəyan etdikləri heç bir kliniki təcrübələrə söykənməyib, bu daha çox ticarət manevrlərini xatırladır. Rus alimləri həqiqətdə Ebola virusunu aradan qaldıran vaksinin mövcud olmadığını və əvvəlki kimi hələ də müalicəolunmaz bir xəstəlik olaraq qaldığını deyirlər.

"Ehtimal ki, sanitar vaksini xəstəliyin ilk fazasında təcrübədən keçirirlər. Əgər bu faza normal keçsə belə, bu yalnız bir neçə aydan sonra məlum olacaq. O zaman bu təcrübəni könüllülər üzərində keçirmək daha məqsədə uyğun olar. Bu isə daha çətin olacaq. Çünki birinci faza ABŞ vətəndaşları üzərində aparılacaq. İkinci fazanı isə yoluxma riskinin daha çox olduğu insanlarda keçirmək lazımdır. Bu insanlar isə afrikalılardır", - deyə Biologiya elmləri doktoru Sergey Netyosov bildirib.

Rusiya mətbuatının yaydığı xəbərlərə görə bu tədqiqatlar Rusiya alimləri tərəfindən aparılır. İvanovskiy adına elmi mərkəzi ölkənin ən bağlı virusoloji institutlarından biri hesab edilir. Hal-hazırda mərkəzin mütəxəssisləri Ebola virusunu araşdıraraq, ona qarşı vaksinin hazırlanması ilə məşğuldurlar.

Vaksinin dəyəri 600 milyon dollara başa gəlir

Ebola üzrə BMT-nin xüsusi koordinatoru Devid Naborro 4 sentyabr tarixində xəstəliyə qarşı mübarizəyə 600 milyon ABŞ dolları məbləğində pul ayırmağı bəyan edib. Ötən həftə isə Dünya Səhiyyə Təşkilatının (DST) təqdim etdiyi hesabatda isə bu məbləğin 490 milyon dolları aşmayacağı bildirilmişdi.

ABŞ səhiyyə nazirliyi öz növbəsində eksperimental vaksinin hazırlanması üçün 42.3 milyon pulun lazım olduğunu bildirib. Kanada isə artıq ilk antidotların DST-na verməyə hazır olduğunu bildirsə də, logistika ilə çətinliklər yaşandığına görə dərmanları ünvana göndərməyin hələ ki, mümkün olmadığını bildiriblər. Kanada Səhiyyə Nazirliyinin mətbuat katibi Şon Aptonun sözlərinə görə, dərman öz xüsusiyyətlərini itirməməsi üçün soyuq şəraitdə saxlanılmalıdır.

Azərbaycanda Ebola təhlükəsi varmı?

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda Ebola virusunun yayılması təhlükəsi yoxdur.

"Sərhəddə həyata keçirilən təhlükəsizlik tədbirləri yarana biləcək təhlükənin qarşısını almaqdan ötrüdür. Nəzarətin gücləndirilməsi Ebola virusu xəstəliyinə qarşı tədbirlərin görülməsi, eləcə də bu xəstəliyin ölkəmizə keçməsinin qarşısının alınması məqsədi daşıyır. Nəzarətin gücləndirilməsinin virusun Azərbaycanda yayılması ilə əlaqəsi yoxdur" - Nazirlik mətbuata açıqlamasında bildirib.

"Bizim Yol" qəzetinin əməkdaşı bir həftə öncə Avropadan qayıdarkən sərhəddə heç bir nəzarətin olmadığını bildirib. Maraqlıdır, sərhəddə yalnız Afrika ölkələrindən gələnlərmi yoxlanılır? Bəs Avropadan gələn həmvətənlərimiz və ya Avropa ölkələri vətəndaşları nəyə görə yoxlanılmır? Avropada olarkən də Ebola virusuna yoluxma halları qaçılmazdır və qeyd etdiyimiz kimi, istənilən insanın bu virusa yoluxma ehtimal var. Bu faktorlar Səhiyyə Nazirliyi tərəfindən nəzərə alınırmı? Təəssüf ki, suallarımız cavabsız qaldı. Səhiyyə Nazirliyinin mətbuat xidmətinə dəfələrlə zəng etməyimizə baxmayaraq, mətbuata reaksiya verən olmadı.

Bizimyol.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm