Bağırsaq bakteriyaları həyatımıza necə təsir edir?
Bizi izləyin

Sağlamlıq

Bağırsaq bakteriyaları həyatımıza necə təsir edir?

“Biz nə yeyiriksə oyuq” ifadəsi qida mütəxəssislərin və həkimlərin tez-tez dilə gətirdiyi əsas fikirlərdən biridir. Lakin çoxları bunu öz üslubunda başa düşür. Bəzən mədəmizin girovu olduğumuzun fərqinə varmadan ən zərərli məhsulları yeməyə davam edirik.

Publika.az xəbər verir ki, tanınmış qastroenteroloq Gözəl Yevstigneyeva bunun baş vermə səbəblərindən və damaq dadına təsir edən amillərdən söz açıb.

O, bildirib ki, insan orqanizmində öz hüceyrələrimiz qədər bakteriya var. Bağırsaqlarda yaşayan mikroorqanizmlərin genlərinin sayı isə 10 milyona yaxındır ki, bu da insan orqanizmindəki genlərin sayından 100 dəfə çoxdur. Və bütün bu bakteriyalar bizim yediyimiz məhsullardan istifadə edirlər. Başqa sözlə, bağırsaq bakteriyalarımız bizim yediklərimizlə “dolanırlar”.

Bəs bakteriyalar nə yeməyi sevir?

Bakteriya qrupları müxtəlif qidalar yeyirlər: bəzi bakteriyalar sürətli karbohidratlara üstünlük verir, digərləri lif, laktoza və dayanıqlı nişasta (Red. qeyd: nazik bağırsaqda həzm olunmayan bu nişasta növü də dayanıqlı adlanır və faydalıdır), həmçinin bəzi spesifik zülal və yağ növlərini sevirlər. Biz pəhriz saxlamağa və müəyyən qida komponentlərinin istifadəsini məhdudlaşdırmağa qərar verəndə, bakteriyaların bir hissəsi sayca azalır, bu da bağırsaq mikrobiomunun balansını pozur. Və ya əksinə, bu və ya digər növ bakteriyaları eyni məhsullarla “qidalandırmaqla” biz onların daha da çox böyüməsinə töhfə veririk. Məsələn, hər gün un və şirniyyatdan istifadə bu məhsullarla qidalanan bakteriyaların çoxalmasına səbəb olur. Və bunlar zaman keçdikcə bizdən daha çox sadə karbohidratlar tələb etməyə başlayan "mehriban bağırsaq sakinlərinə" çevrilirlər.

Bağırsaq divarında da dildə olan oxşar reseptorlar var. Onlar sinir sisteminə bağırsaqlarda hansı maddələrin olduğu barədə məlumat ötürür, müxtəlif molekulları, qidaları tanımağa imkan verir və düzgün hormonların ifraz olunmasına kömək edir. Bakteriyalar bağırsağın əsas sahibi olduğundan, onların metabolik məhsulları da bu reseptorlar tərəfindən qəbul edilir. Bu məlumat sinirlər boyunca beyinə ötürülür, burada müəyyən bir şöbədə dad və iştah formalaşır. Bu, bakteriyaların dadın formalaşmasına təsirini təyin edən mexanizmlərdən biridir.

Dad seçimlərinə əlavə olaraq, bağırsaq mikrobiotası stressə dözümlülüyü, koqnitiv qabiliyyət və əhval-ruhiyyəmizi müəyyən edir.

Bağırsaq bakteriyalarına təsir etməklə emosional fonunu necə dəyişdirmək olar?

Həftədə ən az 20 müxtəlif növ lif yeyin (tərəvəz, meyvə, taxıl, paxlalılar). Lif mədə və bağırsaqlarda rahat həzm olunmur və bədənimiz onu udmur. Bununla belə, bakteriyalar sağlamlığımız üçün ən vacib SCFA molekullarını - qısa zəncirli yağ turşularını liflər sayəsində istehsal edir. Bu maddələr bağırsaq hərəkətliliyini, toxluğu tənzimləyir, əhvalımızı tənzimləyən hormonların və neyrotransmitterlərin əmələ gəlməsində iştirak edir. Onlar həmçinin xərçəngə qarşı qoruyucu funksiya yerinə yetirirlər. Bakteriyalar B və K vitamin qruplarının istehsalçılarıdır. Birinci qrupun vitaminləri orqanizmdə baş verən bir çox proseslərdə, ilk növbədə sinir sisteminin və detoks sisteminin işində iştirak edir. İkinci qrup vitamin sümüklərin vəziyyətinə, osteoporozun qarşısının alınmasına və qan laxtalanmasına cavabdehdir.

Müntəzəm olaraq probiotiklərlə zəngin qidalar istehlak edin: fermentləşdirilmiş süd və kələm turşusu kimi qidalar. Onlar bağırsaqlarda yerləşəcək və orqanizmin xeyrinə işləyən faydalı bakteriyaların mənbəyi olacaqlar.

Sürətli karbohidratların istehlakını minimuma endirin: un, makaron, şəkər.

Yarımfabrikatları rasiondan çıxarın: çips, hazır yeməklər, kolbasa.

Stressin miqdarına nəzarət edin və yuxunu normallaşdırın. Stress bağırsaq keçiriciliyini artıran kortizol hormonunun ifrazına təkan verir. Bu səbəbdən, bağırsaq bakteriyalarının toksinləri qan dövranına daxil ola bilər və immun sisteminin reaksiyasına səbəb ola bilər. Bütün bunlar, sinir sisteminin, məsələn, əhval dəyişikliyi ilə kəskin reaksiya verdiyi xroniki iltihabın inkişafına gətirib çıxarır. Bu proses narahatlıq və depressiyanın inkişafına səbəb ola bilər.

Mədə-bağırsaq traktının sağlamlığını mütəmadi olaraq izləyin və narahatedici simptomlar görünsə, qastroenteroloqla əlaqə saxlayın.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm