“Sağlam millət – sağlam gələcək”
Bizi izləyin

Sağlamlıq

“Sağlam millət – sağlam gələcək”

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə həsr olunmuş “Sağlam millət – sağlam gələcək” mövzusunda konfrans keçirilib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzi tərəfindən təşkil olunub.

Alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri, tibb elmləri doktoru Nigar Kamilova XXI əsr həyat tərzinin insan sağlamlığına təsirindən danışıb. Qeyd edilib ki, hər il qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir. İnsan sağlamlığının qorunması yalnız tibbi deyil, eyni zamanda, sosial məsələdir. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bir şəkər xəstəsinin müalicəsinə ildə 10-30 min Avro, ürək-damar xəstəliyinin müalicəsinə isə 2 mindən 45 minədək Avro xərclənir.

Birliyin rəhbəri QHT-lər və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə yeniyetmələrin, gənclərin və ailələrin sağlamlığının qiymətləndirilməsi istiqamətində aparılan işləri də diqqətə çatdırıb.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev, sədr müavini, hüquq elmləri doktoru İsaxan Vəliyev və digər çıxış edənlər mövzunun aktuallığını vurğulayıblar.

Sonra “Müasir ailə və qadın sağlamlığı problemləri”, “Bitki ehtiyatları insan sağlamlığının keşiyində”, “Azərbaycanda demoqrafik problemlər” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın Azad Həmkarlar İttifaqının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sağlamlığın qorunması ilə bağlı maarifləndirmə tədbirlərində səmərəli fəaliyyət göstərdikləri qeyd edilib və həmin qurumların nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm