Ağız qoxusunun səbəbi dişlər deyil, sinusit ola bilər
Bizi izləyin

Sağlamlıq

Ağız qoxusunun səbəbi dişlər deyil, sinusit ola bilər

Ağız qoxusunun səbəbi dişlər deyil, sinusit ola bilər

Ağızdan gələn xoşagəlməz qoxunun səbəbi təkcə dişlərin düzgün təmizlənməməsi deyil, burunətrafı ciblərin (sinuslar) iltihabı da ola bilər.

Publika.az xəbər verir ki, əczaçı Reyçel Cons bu barədə “Daily Mirror” nəşrinə danışıb.

Onun sözlərinə görə, sinusit zamanı selik boğazın arxa divarı ilə aşağı axaraq qıcıqlanma və öskürəyə səbəb olur. Bu proses ağızda xoşagəlməz qoxu və ya dadın yaranmasına da gətirib çıxara bilər.

Digər səbəb isə burun tutulmasıdır. Nəfəs almaqda çətinlik çəkən insan daha çox ağızla nəfəs alır. Nəticədə ağız boşluğunun selikli qişası quruyur və tüpürcək ifrazı azalır. Tüpürcək ağız boşluğunu təmizləməyə və bakteriyaların çoxalmasının qarşısını almağa kömək etdiyi üçün onun azalması pis qoxunu daha da gücləndirə bilər.

Burunətrafı ciblərin iltihabı bəzən yuxarı azı dişlərində ağrı ilə də müşayiət olunur. Bunun səbəbi üst çənə ciblərinin həmin dişlərin köklərinin bilavasitə üstündə yerləşməsidir. Buna görə də iltihabi proses həmin nahiyədə ağrı yarada bilər.

Əczaçı sinusitin digər əlamətləri sırasında baş ağrısını, alın, yanaqlar və göz ətrafında təzyiq hissini də qeyd edib. Başın önə əyilməsi zamanı narahatlıq daha da arta bilər.

Mütəxəssis vəziyyəti yüngülləşdirmək üçün kifayət qədər su içməyi və ağız gigiyenasına diqqət yetirməyi tövsiyə edib. Xoşagəlməz qoxu davam edərsə və ya digər simptomlarla müşayiət olunarsa, həkimə müraciət etmək lazımdır. Çünki problemin səbəbi diş və diş əti xəstəlikləri də ola bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm