Qaraciyərin yağlanmasının qarşısını alın!
Bizi izləyin

Sağlamlıq

Qaraciyərin yağlanmasının qarşısını alın!

Qaraciyərin yağlanması təhlükəli sağlamlıq problemlərindən biridir. Türkiyəli həkim Haticə Yasəmin Balaban qaraciyər yağlanmasının qarşısını almaq üçün məsləhətlər verib.

Publika.az qaraciyər problemi ilə üzləşənlərə həmin məsləhətləri təqdim edir:

Qaraciyərdə toplanan yağ orqanizm üçün yararlı bəzi fermentlərin istehsalına mane olur. Bu isə bir sıra təhlükəli xəstəliklərə şərait yaradır. Halbuki qaraciyərin yağlanmasının qarşısını almaq elə də çətin deyil. Həkim H.Y. Balaban xüsusilə də artıq kilodan xilas olmağın qaraciyərə yaxşı təsir etdiyini deyir:

“Köklük şəkər və ürək xəstəlikləri riskini artırdığı kimi qaraciyərin yağlanmasına da səbəb olur. Qaraciyərin yağlanmasının qarşısını almaq üçün sağlam qidalanmaq və ideal kiloda qalmaq əsas şərtdir”.

Həkimin sözlərinə görə, hazırda dünyada 5 nəfərdən biri qaraciyər yağlanmasından əziyyət çəkir:

“Qaraciyər ən böyük orqanlarımızdan biridir. O, protein, karbohidrat, yağ və vitaminləri orqanizm üçün faydalı hala gətirir. Ona görə də qaraciyərin qayğısına qalmaq lazımdır. Qaraciyərin yağlanması bu orqanın hüceyrələrinin yağla dolması deməkdir ki, bu da insan həyat üçün riskdir”.

Mütəxəssis həmin riskin nədən ibarət olduğunu belə açıqlayıb:

“Qaraciyərin yağlanması bir müddət sonra sirroza çevrilə bilir. Yəni, sirroz təkcə spirtli içkidən yaranmır. Hazırda dünyada 5 nəfərdən biri bu problemlə mübarizə aparır”.

H.Balaban qaraciyəri qorumaq üçün uzaq durmalı olduğumuz qidaların adlarını da açıqlayıb:

“Qaraciyərin sağlamlığına zərər verə biləcək qidalardan uzaq durmaq lazımdır. Şəkərli qidalar, tərkibinə dadlandırıcılar əlavə edilmiş içkilər, doymuş yağlar qida menyusundan çıxarılmalıdır. Digər tərəfdən, meyvə və tərəvəz, yüksək lif ehtiva edən qidalar, doymamış yağ turşuları və omeqa-3 yağı ilə zəngin olan qidalara üstünlük verilməlidir.

"Fast-food" qidalar qaraciyərin ən böyük düşmənidir. Qırmızı ət də qaraciyər üçün zərərlidir. Qırmızı ət əvəzinə balıq yemək məsləhətdir. Tərkibində həddən artıq şəkər olan meyvələri də ehtiyatla yemək lazımdır”.

H. Balaban qaraciyərin yağlanmasının qarşısının alınmasında ideal kiloda qalmaqla yanaşı, idman vərdişlərinə yiyələnməyin də vacib olduğunu bildirib:

“Qaraciyərin yağlanmasının əsl səbəbi həddən artıq kalori qəbul etməkdir. Bədənin xərcləmədiyi kalorilər qaraciyərdə toplanır. Bu da onu göstərir ki, idmanla məşğul olan şəxslərin qaraciyər problemlərindən əziyyət çəkmə ehtimalı azdır. Çünki idman zamanı kalori xərcləndiyindən qaraciyər yağ toplaya bilmir. Qaraciyərin yağlanmasından əziyyət çəkənlərə idmanla məşğul olmaq məsləhət görülür. Bu, ən güclü dərmandan da yaxşı təsir edir”.

Həkim siqaret və içki aludəçiliyinin qaraciyəri sıradan çıxardığını vurğulayıb:

“Qidalanma rejiminə əməl edib, idmanla məşğul olmaqla iş bitmir. Siqaret və spirtli içkinin qaraciyəri sıradan çıxardığını nəzərə alaraq bu vərdişləri tərgitmək lazımdır. Spirtli içki qaraciyərin ən böyük düşmənlərindən biri hesab edilir. Spirtli içkinin qəbulu nəticəsində orqanizmdə toplanan toksinler qaraciyərin hüceyrələrinə zərər vurur. Mütəmadi olaraq spirtli içkidən istifadə edənlərdə hepatit və sirroz riski artır”.

Sonda onu da qeyd edək ki, qaraciyər yağlanmasını tam olaraq müalicə edən dərmanlar mövcud deyil. Bu problemi ancaq sağlamlıq üçün vacib olan qaydalara əməl edərək aradan qaldırmaq olar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm