Türkiyəli həkimlər tibb elmindəki yenilikləri təqdim etdilər – FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Türkiyəli həkimlər tibb elmindəki yenilikləri təqdim etdilər – FOTOLAR

“Daha kiçik kəsiklər vasitəsilə xəstənin sağlam orqanlaraına zərər vurmadan xəstə toxumanı aradan qaldırmaq - müasir tibb elminin əsası bunun üzərində qurulub. Əvvəllər cərrahın peşəkarlığı onun bədəndə daha böyük miqyasda kəsiklə əməliyyat etməsində idi. İndi isə daha kiçik kəsiklə daha böyük əməliyyat edən cərrahlar peşəkar sayılır”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Bayındır Xəstəxanasının onurğa cərrahı Oğuz Karaeminoğulları Mərkəzi Gömrük Hospitalı və Bayındır Xəstəxanasının həkimləri arasında keçirilən “Tibbdə yeniliklər və onların gündəlik təcrübədə tətbiqi”nə dair konfransda bildirib.

Onurğa cərrahiyyəsində bir sıra yeniliklərə və inkişafa nail olunduğunu deyən cərrah əvvəllər bir sıra çətinliklərlə aparılan və fəsadlar verən əməliyyatların indi ağrısız və qansız aparılmasına diqqəti çəkib: “Əvvəllər el arasında “qrija”adlanan – yırtıq əməliyyatı kəsilərək edilirdi. Sonra həmin hissə mikroskopla izlənirdi. Bundan sonra bəzi hallarda fəsadlar yaranırdı və hətta xəstə təkrar əməliyyat olunmalı olurdu. Bu zaman xəstəyə infeksiyanın düşmə ehtimalı da böyük idi. İndi isə mikroskop da əməliyyat prosesinə əlavə olunub. Yəni onurğa cərrahiyyəsində ən böyük addım hazırda əməliyyatların tamamən endoskopik keçirilməsidir”.

Endoskopik yolla onurğaya daxil olub problemi aradan qaldırmaq üçün cəmi 45 dəqiqə tələb olunduğunu deyən həkimin sözlərinə görə, əməliyyat bəzən yerli keyitmə ilə həyata keçirilir. Ən böyük üstülüyü isə xəstənin əməliyyatdan bir neçə saat sonra evə buraxılmasıdır. Həkimin sözlərinə görə, bu əvvəllər bel-onurğa əməliyyatında gerçəkləşməsi qeyri-mümkün olan bir xəyal olsa da, artıq insanlar rahatlıqla, uzun zaman itirmədən, qansız və ağrısız bu əməliyyatı etmək üçün özlərini həkimlərə etibar edə bilirlər. Hələ ki, bu yenilik çox az sayda xəstəxanada, o cümlədən, Bayındır xəstəxanasında tətbiq edilir.

Tibb elmində yeniliklərə həsr olunan konfransda Mərkəzi Gömrük Xəstəxanasının baş həkimi Elman Məmmədov çıxış edərək bu ilin fevral ayından Bayındır Xəstəxanası ilə əməkdaşlıqla bağlı müqavilə imzalandığını söyləyib. O qeyd edib ki, toplantının məqsədi iş birliyini gücləndirmək, tibb elmində yeniliklərlə bağlı müzakirələr aparmaq və bir-birini yaxından tanımaqdır. Baş həkimin sözlərinə görə, gələcəkdə həkimlərin təcrübə mübadiləsinin keçirilməsi də nəzərdə tutulub.

Daha sonra Bayındır Xəstəxanasının tibb direktoru Yaman Zorlutuna çıxış edərək imzalanan anlaşmanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Xəstəxananın tarixi və qazandığı nailiyyətlərdən söhbət açan Y. Zorlutuna qeyd edib ki, 1992-ci ildə yaradılan Bayındır Xəstəxanasının hazırda 3 böyük xəstəxanası, tibb mərkəzləri və bir klinikası var. Xəstəxana 1997-ci ildə İSO standartı alıb.

Ötən il ərzində xəstəxana ümumilikdə 15 mindən artıq xəstəni qəbul edərək onlara şəfa verib. İl ərzində xəstəxanada 5 mindən artıq xəstə əməliyyat olunub. Gələcəkdə ürək cərrahiyyəsinin gözləntilərindən söz açan həkim bildirib ki, burada çarə kardioloq və cərrahların birgə çlışmasıdır. Həm kardioloq, həm də ürək cərrahı bir yerdə işləməli olduğunu deyən həkimin sözlərinə görə, Bayındır xəstəxanasında bunun üçün rahat şəraiti olan hibrid otaqlar var.

Həkim həmçinin video-çarx vasitəsilə qasıqdan açılan bir neçə 5 sm-lik dəliklə ürəkdə aparılan əməliyyatı əyani şəkildə təqdim edib. Bildirib ki, əvvəllər bu əməliyyatı həyata keçirmək üçün bədənin bir neçə hissəsində iri ölçülü kəsiklər açılırdı ki, bu da həm qan itirilməsinə səbəb olurdu, həm infeksiyanın düşmə ehtimalını artırırdı, həm də kifayət qədər ağrılı olurdu. “Qref”t sistemini nümayiş etdirən həkim bunun vasitəsilə bir çox xəstəliklərin rahatca əməliyyat olunduğunu diqqətə çatdırıb. Digər bir məqam isə xəstənin az qan itirməsilə yanaşı, xəstəxanada az qalmasıdır.

Bakıya ilk dəfə 1998-ci ildə gəldiyini söyləyən həkim bu dəfəki gəlişində şəhərdəki böyük dəyişiklikləri müşahidə etdiyini bildirib. O, həmçinin dəyişiklik və inkişafın tibb elmində də getdiyini dilə gətirib.

Daha sonra kardioloq Ali Can Özer, onurğa cərrahı İsmayıl Gökyar, mədə-bağırsaqda şiş xəstəlikləri üzrə cərrah Zafer Ferahköşe, hematoloq Ahmet İrfan, uroloq Tayfun Gürpınar çıxış ediblər. Konfransa həmçinin Bayındır Xəstəxanası ilə Gömrük Hospitalı arasında belə tədbirlərin keçirilməsinin iş birliyi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd olunub.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm