Azərbaycanda İLK - Kütləvi eşitmə skrininqi aparılır
Bizi izləyin

Səhiyyə

Azərbaycanda İLK - Kütləvi eşitmə skrininqi aparılır

Ötən ilin dekabr ayından etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) dünyaya gələn hər yeni doğulmuşda eşitmənin skrininq müayinəsi aparılır.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, indiyə kimi yalnız eşitmə itkisi üzrə risk qrupuna daxil olan körpələr bu müayinəyə cəlb olunurdusa, artıq RMDM-də doğulan bütün körpələr müayinə edilir.

RMDM-in audioloqu İlahə Aslanova bildirib ki, “Topuq tarama testi”, ROP-a görə müayinə ilə yanaşı, bu müayinədən də keçirilir.

“Belə kütləvi eşitmə skrininqi Azərbaycanda ilk dəfə aparılır. Məqsəd uşaqlarda eşitmə azlığının erkən diaqnostikası və reabilitasiyasının həyata keçirilməsidir.”

İ.Aslanova eşitmə azlığının cəmiyyətdə tez-tez təsadüf edilən və dil inkişafını əngəlləyən problemlərdən biri olduğunu vurğulayıb: “Uşaqlar danışıq səslərini və dil bacarıqlarını ətraf çevrədən eşidərək inkişaf etdirirlər. Uşaqda eşitmə azlığı varsa və 6 ay-2 il ərzində heç kim tərəfindən fərq edilməyibsə, bu, uşağın dil inkişafı baxımından çox kritik mərhələnin itirilməsi deməkdir. Çünki bu mərhələ beynin adaptasiya və öyrənmə qabiliyyətinin maksimumda olduğu bir mərhələdir. Eşitmə azlığı uşağın yaşamına ciddi təsir edir. Bu uşaqlarda söz ehtiyatı gec formalaşır və normal eşidən uşaqlarla müqayisədə uşaqlarla müqayisədə çox geri qalır”

Audioloq valideynlərə tövsiyələrini də diqqətə çatdırıb: “Yenidoğulmuşlarda eşitmənin skrininq müayinəsi eşitmə azlığının erkən diaqnostikasının ilk mərhələsi hesab olunur. Bu səbəbdən hər bir yenidoğulmuşun bu müayinəyə cəlb olunması vacibdir. Eşitmə azlığının dərəcəsinə uyğun olaraq, atacağımız addım isə audioloq və LOR həkimi tərəfindən təklif olunmalıdır. Övladınızda və ya yaxınlarınızda eşitmə azlığı varsa, hansı yaşda olmasından asılı olmayaraq, eşitmə müayinəsinə yönləndirməyinizi tövsiyə edirik. Unutmayın ki, erkən diaqnostika və uyğun tədbirlər sayəsində övladınız bu problemlərdən azad olaraq özünü cəmiyyətin bir üzvü kimi təsdiqləyə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm