• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

Bir səhvlə dəyişən HƏYATLAR - Narkomaniyaya yox deyək!

Bir səhvlə dəyişən HƏYATLAR - Narkomaniyaya yox deyək!

Bu gün ətrafımızdakı insanların xəstə və ya sağlam olduqlarını ilk baxışdan anlaya bilmirik. Hər kəs şanslı doğulmur. Hər insan bir roman olsa da, hər roman xoşbəxt sonluqla bitmir. Hər dəfə görüşdüyünüz, dərdləşdiyiniz insanlar bir gün ən qorxulu xəstəliklərdən dünyasını dəyişə bilər. Ya da yavaş-yavaş, addım-addım ölümə aparan zərərli vərdişlərin qurbanı olar.

Bəzən gənc yaşlarda, bəzən də ömrün qurtaracağında həyatın ən ağır sınaqları ilə mübarizə aparmalı oluruq. Elə məhz budəfəki müsahibim kimi. O, QİÇS-dən əziyyət çəkir.

Əsrin bəlası olan İİV infeksiyasina (SPİD) tutulmuş Rəşad İmanov “ağ ölüm”ün qaraltdığı həyat səhifələrini belə yada salır:

“Rəşadı öldürdüyüm üçün peşmanam”

Müsahibim bir yandan danışmaq istəyirdi, bir yandan isə səsi çox çətinliklə eşidilirdi. Onu anlamaqda çətinlik çəksəm də, bunu büruzə verməməyə çalışırdım. Lakin mənə maraqlı olan bir məqamı dəqiqləşdirmək üçün ondan bu qədər zəif səslə danışmasının səbəbini soruşdum. Düşünürdüm ki, yorğun olduğundan, dərmanların təsirindən taqəti yoxdur. Amma Rəşad dedi ki, yaşadıqlarını təkrar-təkrar eşitməyə cəsarəti çatmır:

“35 yaşım var. Təhsil almamışam. Amma pis-yaxşı çörək pulumu qazanırdım. Oxumadığım üçün valideynlərim məni qınayırdı. Onlar istəyirdilər ki, mən oxuyum, yaxşı işim-gücüm olsun. Cəmiyyətdə özümə bir yer tutum. Mən də həmişə yüzlərlə başqa insanların da oxumadıqlarını deyərək, özümə bəraət qazandırırdım. Bir dəfə həyat məni bir insanla qarşılaşdırdı. Əvvəlcə, o da mənim kimi bir tikə çörək pulu qazanmaq üçün çabalayırdı. Sonra işlər pisləşdi. Qazanc əldə edə bilmirdik. O da yoruldum deyib, narkotik alverinə başladı. Sonra mənə də təklif elədi. 22 yaşımda onunla narkotik alverinə başladım. Bircə dəfə özüm də istifadə elədim. Elə ondan sonra bir də özümə qayıda bilmədim. Narkotik üstündə həbs olunmuşdum. Anam biləndə mənə qatil kimi baxırdı. Bir dəfə yanıma gəlmişdi. Mənə dedi ki, “sən mənim Rəşadımı öldürdün”. Heç nə edə bilmədim. Nə üzünə baxa bildim, nə də dilə gəlib bir kəlmə söz deyə bildim. Rəşadı öldürdüyüm üçün çox peşmanam…”

Müsahibim deyir ki, onun ətrafında kömək istəyəcək, düz yola çıxmağa yardım edəcək dost-tanışı olmayıb:

“Mən səhv etmişdim. Amma məni səhv yolumdan geri qaytaracaq ətrafım olmayıb. Narkomanlara kim yaxın durur ki? Hamı deyir “əşi, narkomandı da, salam verərəm məni də “ilişdirər”. Ətrafımdakı adamlar düzgün adamlar olmayıb. Çox istəmişəm bu yoldan qayıdım, amma alınmayıb...”

“Qızımdan üzr istəmək istəyərdim…”

Rəşad deyir ki, valideynləri onu bu yoldan qaytarmaq üçün evləndirmək qərarına gəlib. Bəlkə ailəsi, övladları olsa, zərərli vərdişlərindən uzaqlaşar deyə, düşünsələr də, heç nə gözlənildiyi kimi olmayıb:

“Mən evləndim. Çox gözəl həyat yoldaşım vardı. Bir qızım oldu. Amma nə qədər elədimsə, özümlə bacara bilmədim. Yenə narkotik maddələr qəbul edirdim. Bir dəfə bu halda bir qadınla əlaqədə oldum. Bir müddət onunla münasibətimiz oldu. Başım ağrıyırdı, qızdırmam olurdu. Qarnımda sancılar hiss edirdim. Amma ağlıma gəlməzdi deyə, həkimə müraciət etmirdim. Daha sonra QİÇS-ə yoluxduğumu öyrəndim. Heç kimə demək istəmirdim, amma başqa çıxış yolum yox idi. Ailəmdən bacardığım qədər uzaq durmağa çalışdım. İstəmirdim onlara xəstə kimi baxsınlar. Mən onları çox istəyirəm, amma nə edim ki, acizəm. Mən xəstə olduğumu öyrənəndə çox gec idi. QİÇS-in 4-cü mərhələsinə çatmağıma az qalmışdı. Fürsətim olsaydı, qızımdan üzr istəyərdim… O, indi başa düşməz, amma gələcəkdə istəmədən ona miras qoyacağım problemlərə görə məni bağışlasın…”

Ölmək yox, yaşamaq istəyir

Rəşad deyir ki, bütün insanlar kimi narkomanlar da sonlarının ölüm olmasını istəmirlər, ancaq bundan əl çəkə də bilmirlər:

“Xəstəliyimi çox gec bildiyim üçün, müalicəm də çətinləşib. Xəstəliyi bilməyənə qədər “kaş ölərdim” demək asan gəlir. Amma kim ölmək istəyər ki? Narkotikin aldadıcı həzzi məni məhv elədi. İndi bəlkə də ölümün astanasındayam. Uçurumun kənarında dayanıb, ayağımın altındakı sonuncu daş parçasının nə zaman düşəcəyini gözləyirəm. İnsan burdan həyata baxanda ölmək yox, sağalmaq, yenidən yaşamaq istəyir. Yüz dəfə, min dəfə özümə söz versəm də, sonumu dəyişə bilmədim. Ailəmin, yaxınlarımın gözündən düşdüm. Anam cəmiyyətdə yer tutmağımı istəyirdi, mən isə tək özümü deyil, onları da cəmiyyət içində rüsvay elədim. Bəzən yerimdən qalxıb oturmağa taqətim olmur. Tapdığımı müalicəyə, dərmanlara verirəm. Hərdən ailəm üçün darıxıram… Etiraf edim ki, qızım balacadı, amma istəyərdim bircə dəfə kimsə mənə zəng etsin, halımı soruşsun…”

Sonda Rəşad üzünü göstərməməyi xahiş etdi. Çox zəif, xırıltılı bir səslə onunla söhbət etdiyimiz üçün təşəkkür etdi. Deyir ki, bu sizin üçün heç nə ifadə etməyə bilər, amma bizim üçün bir ümiddir…

Qanunsuz narkotik, psixotrop maddələr

Qeyd etmək lazımdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı davamlı olaraq mübarizə aparılır. 2018-ci ilin son üç ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, üç ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 887 fakt aşkarlanıb. Onlardan 304-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kiloqram 631,681 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədəd çətənə kolu müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kiloqram 197,362 qramı marixuana (50,6 faiz), 87 kiloqram 259,777 qramı tiryək (16,8 faiz), 135 kiloqram 722,762 qramı heroin (26,2 faiz), 27 kiloqram 467,44 qramı həşiş (5,3 faiz), 4 kiloqram 368,229 qramı digərləri (0,8 faiz), 1 kiloqram 616,111 qramı psixotrop maddələr (0,3 faiz) və 4490 ədəd həb təşkil edib. Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarıdır. Həmin şəxslərdən 489-u kişi, 4-ü qadın, 8-i isə xarici ölkə vətəndaşları olub. Əcnəbi vətəndaşlardan ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən üçü Rusiya, ikisi İran, ikisi Ukrayna, biri isə Türkmənistan vətəndaşıdır.

Rəqəmlər nə deyir?

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada İİV-ə yoluxmuş 42 milyon insan yaşayır və hər gün həmin rəqəm 14-15 min nəfər artır. Onların əksəriyyəti 30 yaşınadək gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.

Respublika üzrə isə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfərdir. Bu narkomanlardan 25 min 139 nəfər dispanserdə, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

Son zamanlar narkomanlar arasında qadınların sayı daha çoxdur. Onlar gələcəyin analarıdır və bu bəlaya mübtəla olması gələcəkdə dünyaya gələcək körpələrin taleyinin məhv olması deməkdir. Bir çox narkotik maddələr orqanizmə şpris vasitəsilə ötürülür. Narkomanlar eyni şprisdən istifadə edərək öz aralarında yoluxucu İİV infeksiyasını yayırlar. Bu gün narkomanlar arasında QİÇS və başqa bu kimi yoluxucu xəstəliklərə tutulmuş şəxslərin sayı heç də az deyil. Ən dəhşətlisi də odur ki, sağlam insan sadəcə bir neçə dəqiqənin içində həyatını məhv edə bilir. Bu xəstəliyə yoluxmaq, pis, zərərli vərdişlərə yiyələnmək çox asandır. Bu vəziyyət uzun illər davam edir və sonda insanları ölümə aparır. Təsəvvür edin ömrünüzün ən gözəl illərində bir səhv addım sizi məhv edir.

Doğulmamış körpələrin sağlam gələcəyi naminə bu bəla ilə cəmiyyət olaraq birlikdə mübarizə aparmalıyıq.

“Narkomaniya ilə mübarizə”

Sosioloq Cavid İmamoğlu deyir ki, bu gün müasir Azərbaycan cəmiyyətində narkomanlara qarşı münasibət əvvəlki dövrlərə nisbətən daha yaxşıdır: “Onların cəmiyyətə yenidən adaptasiya olması üçün kompakt şəkildə tədbirlər görülməlidir. Burada medianın üzərinə düşən məsuliyyət daha çoxdur. Narkomaniya qurbanı olanlar cəmiyyətdə ən çox əziyyət çəkən insanlardır. Onlar bir səhv ucbatından həm həyatlarını, həm işlərini, həm də cəmiyyətdəki nüfuzlarını itirirlər. Bununla yanaşı, sağlamlıqlarını bərpa etmək üçün səy göstərirlər. Onların bu asılılıqdan qurtulması üçün tədbirlərin görülməsi ilə yanaşı, televiziya kanallarında, ictimaiyyətin çox olduğu ərazilərdə “Narkomaniya ilə mübarizə” istiqamətində maarifləndirici görüşlər keçirilməlidir. Onları yenidən cəmiyyətə qazandırmaq üçün Azərbaycanda lazım olan resurslar mövcuddur. Bu resurslar vasitəsilə onlara dəstək olmaq, narkotik vasitələrdən istifadə etmək istəyən gəncləri isə bu yoldan çəkindirmək olar”.

Sosioloq deyir ki, narkomanların zərərli vərdişlərdən qurtulması üçün 3 istiqamətdə dəstək vermək lazımdır: “Birincisi narkotik asılılığı olan şəxslərlə normal insanlardan fərqli ünsiyyət qurmaq olmaz. Bu onlar üçün daha bir zərbədir. İkincisi narkomanların müalicə ilə parelel olaraq cəmiyyətdə fəaliyyəti üçün zəruri şərait yaradılmalıdır. Bu onların iradəsinin möhkəmlənməsinə, yenidən sağlam həyata can atmasına kömək edəcək. Digəri isə onların mövcud əhatəsi, mühiti dəyişdirilməlidir. Cəmiyyətdə yeni insanlar tanımalı, onlarla ünsiyyət qurmalı və hər iki tərəf özünə gərəkli mesajlarla bir-birini maarifləndirməlidir. Çünki narkomanlar müalicə aldıqları müəssisələrdən çıxıb yenidən öz mühitlərinə qyıdarsa, təkrar zərərli vərdişlərinə davam edəcəklər. Buna yol verməmək üçün bütün insanlar səfərbər olmalıdır. Heç kim gələcəyindən sığortalanmayıb. Gələcək qazanılan bir məhfumdur. Sağlam gələcəyimizi qazanmaq üçün “Narkomaniya ilə Mübarizəyə” dəstək olmaq lazımdır”.

Lev Tolstoy deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".

Necə deyərlər, narkotik dünyada uzun illərdən davam edən və aldığı yüzlərlə qurbanlardan doymayan bir müharibədir. Bu müharibə hər il dünyanın müxtəlif ölkələrində daha çox can alır. “Ağ ölüm” adlandırılan müharibənin qara səhifələrindən qurtulmaq üçün birlikdə mübarizə aparaq. O insanlara kömək edib, yenidən həyata qayıtmalarına dəstək olaraq bu bəlanın iç üzünü görək. Görək ki, gələcəkdə özümüzü “ağ ölümün” içində tapmayaq. “Ağ rəng” hər zaman saflıq, məsumluq işarəsi olmaya bilir…

Könül Cəfərli

Yazı Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsinə “Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin qarşısının alınmasında sosial tərəfdaşlıq” nominasiyası üzrə təqdim edilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR