Aritmiya ilə bağlı bildiyimiz yanlışlar - Kardioloq AÇIQLADI
Bizi izləyin

Səhiyyə

Aritmiya ilə bağlı bildiyimiz yanlışlar - Kardioloq AÇIQLADI

Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv məlumat verib.

Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər.

"Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur, çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla isə ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə, əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir”.

İ. Göyüşöv qeyd edib ki, mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir.

“Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqda bir neçə il sonra ürək çatışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir”.

Aritmoloq İsmayıl Göyüşov məsləhət görür ki, xəstələr təngnəfəslik,ürəkdöyünmə,ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər.

“Çünki hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu ürəkdə dəlik,ürək çatışmazlığı, həmçinin aritmiyanın səbəbi ola bilər. Yəni aritmiyalar sadə bir stresslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yarana bilər. Onda həkim müayinəsindən keçmək lazımdır. Infarktla aritmiyanın əlaqəsi var. Belə ki, infarkt aritmiyaya səbəb olur. İnfarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arasında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır”.

İ.Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə - təngnəfəslik, ürək döyüntülərinin güclənməsinə diqqətlə yanaşmasına çağırır.

Kardioloq onu da vurğulayıb ki, son vaxtlar müraciətlər arasında ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr üstünlük təşkil edir:

“Bizim şöbəyə daha çox ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələrə ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalışma prosesinə bənzər metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq kimi üsullar tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim ki, Azərbaycanda cəmi bir neçə tibbi mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda ürək çatışmazlığı olan xəstələrdə defüblatorun qoyulması, ürək pillərinin qoyulması ilə də məşğuluq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm