
Səhiyyə Nazirliyi rezidenturaya qəbul olmaq istəyən bir qrup namizədin plan yerlərinin azaldılması və gec açıqlanması barədə etirazları ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, bu barədə həmin şəxslərlə müzakirə aparılıb.
“Müraciət edənlər 2018/2019-cu tədris ili üçün rezidenturaya
qəbul üzrə plan yerlərinin azaldılmasından və bu baradə gec
məlumatlandırılmalarından narazılıqlarını ifadə edib. Müraciət
edənlər Səhiyyə Nazirliyində nazir müavini və digər əməkdaşlar
tərəfindən qəbul olunub. Həkimlərə müvafiq izahatlar verilib,
onların sualları ətrafında müzakirə aparılıb.
Müraciət edənlərə məlumat verilib ki, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli
qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları"na əsasən Azərbaycan Respublikası vətəndaşlarının
rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə
ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.
Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən
respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır.
Tələbat əsasən bölgələrdə ailə həkimlərinə və təcili və
təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı
rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə
mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili
əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür”.
Nazirlikdən bildirilib ki, bölgələrdə kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaq:
“Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər”.