Uşaqları günvurmadan belə qoruyun
Bizi izləyin

Səhiyyə

Uşaqları günvurmadan belə qoruyun

Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir. Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.

Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

Günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Uşaqlara bol maye, ayran, faydalı qidalar verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.

Uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları gün ərzində tez-tez çimizdirməkdir. Gündə 2 dəfə günün isti saatlarında çimizdirmək daha məsləhətdir.

Belə havalarda uşaqlara yağlı və ağır qidalar vermək doğru deyil. Uşaqlar yüngül qidalanmalı, bol vitaminli, asan həzm olunan yeməklər yeməlidir.

Əgər uşağınızda qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq müşahidə etmisinizsə, bu, günvurmanın əlamətlərdir. İlk yardım üçün uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə qızdırma varsa, qızdırmanı düşürmək lazımdır, belə hallarda təcili yardım çağırmaq mütləqdir.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etmək lazımdır ki, bayırdan evə girərkən havanın temperaturu birdən-birə aşağı düşdüyü üçün orqanizmə pis təsir etməsin. Evdə temperatur 24-25-dən aşağı olmamalıdır (Axar.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm