Avropada buna görə hər il 33 min insan ölür - SOS
Bizi izləyin

Səhiyyə

Avropada buna görə hər il 33 min insan ölür - SOS

Hər il Avropada antibiotik rezistentləri (antibiotik tərkibli dərmanlara qarşı müqavimətli bakteriya və ya göbələklər) təxminən 33 min insanın ölümünə səbəb olur.

Bu barədə məlumatı Antimikrob Rezistentlərinin Müşahidəsi üzrə Avropa Şəbəkəsi yayıb.

Məlumatda qeyd edilir ki, 2007-ci ildən bu yana aparılan araşdırmalar Avropada ildən-ilə bu sahədə ölüm hallarının artdığını göstərir. Pasiyentlərin antibiotik dərmanlardan qeyri-düzgün doza, miqdar və ya müddətdə qəbul etməsi orqanizmdəki mikrob ştamlarının müqavimətini daha da artırır və nəticədə antibiotiklər həmin bakteriyalara qarşı effektiv təsir gücünü itirir.

Beynəlxalq tədqiqatçılar qrupu hesab edir ki, antibiotik rezistent ştamlarla yaranan xəstəliklərin dörddə üçü xəstəxana və ya səhiyyə sisteminə daxil olan digər yerlərdə yaranır. Bu da göstərir ki, antibiotiklərdən qeyri-düzgün istifadə heç də ilk növbədə pasiyentlərin səhlənkarlığı və ya müalicəni fərdi şəkildə aparmaları ilə deyil, onlara yazılmış reseptlər və həkimlərin tövsiyə etdiyi dərman terapiyası ilə izah olunmalıdır. Hər il dünyada 700 mindən çox insanın antibiotiklərin kömək edə bilmədiyi infeksiyalardan dünyasını dəyişməsi də vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.

Tədqiqatçıların rəyinə görə, həkimlər xəstələrə antibiotik tövsiyə edərkən diqqətli olmalıdırlar. Antibiotik tərkibli dərmanlar xəstələrə yalnız o halda yazılmalıdır ki, artıq digər dərmanlar kömək edə bilməsin. Eyni zamanda, əczaçılar da yeni antibiotik tərkibli dərmanların hazırlanmasına diqqəti artırmalıdırlar. Son 15 ildə dünyada antibiotik dərmanlardan istifadənin həcminin 65 faiz artması rezistent ştamların daha böyük problemlərə yol açacağına dəlalət edir (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm