Dünyanı lərzəyə gətirən virus Azərbaycanda da yayıla bilər - Baş infeksionistdən XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Dünyanı lərzəyə gətirən virus Azərbaycanda da yayıla bilər - Baş infeksionistdən XƏBƏRDARLIQ

Ötən ilin 31 dekabrında Çinin Vuhan şəhərində sirli virus ortaya çıxdı. 9 yanvarda Çin hökuməti mediaya açıqlama verərək bunun yeni koronavirus olduğunu bildirdi. Kod adı 2019-nCoV olan virus ölkənin 25 əyalətində yayılıb və 17 nəfərin ölümünə səbəb olub.



Publika.az
xəbər verir ki, koronavirusa bu günə qədər Çin, Tailand, Yaponiya, Rusiya, ABŞ və Cənubi Koreyada rast gəlinib.

Virus soyuqdəymədən tutmuş Yaxın Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindroma (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük qrupdur.

Çində yayılmış sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

• Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

• Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

• Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

• Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

Koronavirusun dünyada ajiotaj yaratdığını nəzərə alaraq Azərbaycana keçmə ehtimalının olub-olmadığını araşdırdıq.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev Publika.az-a açıqlamasında virusun kəskin respirator xəstəliklərlə keçə bildiyini dedi.



Baş infeksionist bildirdi ki, virusun müasir dövrdə 37 növü var: "Xüsusilə payız və qış aylarında yayılan respirator virus infeksiyaları zökəm əlamətləri ilə keçən xəstəliklərin 4-9 faizini təşkil edir. Lakin ağır kliniki gedişata malik olmur. İki gündən bir həftəyə qədər davam edir. Ağırlaşma vermədən öz-özünə sağalır. Latıncadan "corona" sözü tac mənasını verir. Viruslara mikroskopla nəzər yetirdikdə, günəş tacını xatırlatdığına görə, bu ad seçilib. O, 1965-ci ildə kəşf edilib".



C.İsayev bu virusun bir neçə növünün insanda ağır xəstəliklər törətdiyini vurğuladı: "Onlardan biri yaxın keçmişdə Çində baş qaldıran Şiddətli Kəskin Respirator Sindromudur (SARS). 2012-ci ildə Səudiyyə Ərəbistanında və Yaxın Şərqdə də oxşar viruslar kəşf edildi. Siyahıya ötən ilin sonunda tapılan, haqqında danışdığımız yeni koronavirus da daxildir. Onun virulentliyi insan üçün daha yüksəkdir. Yaxın Şərq virusunun törətdiyi xəstəliklərdə 35% ölüm riski mövcuddur. SARS riski də yüksək ölüm faizinə malikdir. Koronavirusa təxminən 532 yoluxma halı qeydə alınıb".

Koronavirusun xarici təsirlərə qarşı davamsız olduğunu bildirən baş infeksionist sözlərinə belə davam etdi: "Virus 37 dərəcə temperaturda 15 dəqiqə davam gətirə bilir. 56 dərəcədə isə ani olaraq tələf olur. Dezinfeksiyaya qarşı çox həssas viruslardır. Buna görə də, əllərimizi mütəmadi dezinfeksiyaedici məhlullarla təmizləsək tələf olacaqlar. Bu viruslar əsasən hava-damcı yolu ilə yoluxub ağciyərləri zədələyirlər. Ağız və ya mədə-bağırsaqdan yoluxduqda qastrit, rinit tipli əlamətlər üzə çıxır. Hər hansısa qida və ya əlimizdəki əşya vasitəsilə yoluxma ehtimalı da var. Xəstələrlə sıx şəkildə təmasda olduqda yoluxmaq mümkündür".



C.İsayev Çinə səfər edən vətəndaşlarımıza tövsiyələr verdi: "Zökəm olan adamlarla təmasdan yayınmalıdılar. Çinin Vuhan şəhərində 12 milyon insan yaşayır. Sıx təması nəzərə alıb regiondan çəkinmək lazımdır. Ümumiyyətlə, yoluxmamaq üçün ora getməməlidirlər. Məcburi getdikləri təqdirdə, maska taxmaqları mütləqdir. Qəbul etdikləri qidaların müddətinə nəzarət etməlidilər. Heyvani məhsullardan uzaq gəzməlidilər. Xüsusilə dəniz məhsullarını qeyd etməliyik. Çinə səfər edən və ya oradan ölkəmizə gələn vətəndaşlar arasında hərarəti olan insanlar izolyasiya olunmalı və virusun başqalarına yoluxmaması üçün xəstəliyin inkişaf tempi nəzarətdə saxlanılmalıdır".



Baş infeksionist bildirdi ki, koronavirus özünü qrip, hərarət və ya digər respirator infeksiyalar formasında büruzə verir: "Ölkəmizdə bu virus yoxdur. Amma ehtiyat tədbirlərini görməkdə fayda var. Azərbaycanın Çinlə ticarət və turizm sektorunda əlaqələri var. Heç bir ölkə bu virusdan sığortalanmayıb".


C.İsayev hesab edir ki, virus tezliklə lokallaşdırılacaq: "SARS virusu yayılanda dünyada böyük ajiotaja səbəb olmuşdu. Amma nəticədə onu lokallaşdırdılar. İnanıram ki, koronavirusla bağlı da oxşar vəziyyət müşahidə ediləcək".

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) isə koronavirusla bağlı spesifik yanaşma irəli sürür. İnstitutun direktoru Entoni Fauçi "Scientific American" jurnalına verdiyi açıqlamada sözügedən virusla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

O bildirib ki, koronavirusun heyvandan qaynaqlandığı dəqiqdir: "Bu virusun tənəffüs yolu ilə keçdiyi sübut edilməyib. Koronavirus əsasən qızdırma, öskürək, ağciyər iltihabı kimi özünü büruzə verir".



Virusun ölüm nisbətindən danışan E.Fauçi bildirib ki, xəstələr arasında ölüm nisbəti 2%-dir: "SARS-da bu nisbət 10, MERS-də isə 30-35% idi. Koronavirus inkişaf edərək digər virus növlərindən güclü təsirə də malik ola bilər. Hazırda bu haqda nəsə demək üçün çox tezdir.



Son 18 ildə üç heyvan mənşəli koronavirusa rast gəlinib: SARS, Yaxın Şərq respirator sindromu (MERS) və hazırkı virus. SARS və MERS-də əsas daşıyıcının yarasa olduğu düşünülürdü".



Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm