• USD 1,7000 0,00% EUR 1,8397 +0,24%
    • GBP 2,1994 +0,33% RUB 0,0265 0,00%

Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyib

Son 15 ildə Azərbaycanda bu xəstəliyə rast gəlinməyib

Cüzam bakterial infeksiyadır. Onun törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Mütəxəssislər bildirirlər ki, cüzam xəstəliyi səbəbindən vəfat edənlərin nəşləri yandırılmalıdır. Çünki cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.

Bu barədə Azərbaycan Tibb Universitetinin Dermatonevrologiya kafedrasının dosenti, həkim-dermatonevroloq Səbinə Əhmədova məlumat verib.

Bu xəstəliyin müxtəlif formalarının olduğunu deyən həkim-dermatonevroloq bildirib: “Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipdir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib. Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər”.

Bu xəstəliyin yüngül tipi olan tuberkloid tipinin ləkələrlə, nadir hallarda isə düyüncüklərlə səciyyələndiyini vurğulayan Səbinə Əhmədova deyib: “Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə - “şir üzü” siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat – temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur”.

S.Əhmədovanın sözlərinə görə, cüzam daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, brusellyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir “Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur və paytaxtın Umbakı qəsəbəsində yerləşir. Həmin şəhərcikdə xəstələr üçün hər bir şərait yaradılıb.

Azərbaycanda yaşam səviyyəsi, qida məhsullarının keyfiyyəti yüksək olduğundan ölkəmizdə belə xəstələrin sayı azdır. Çünki cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir”, - deyə həkim-dermatonevroloq qeyd edib.

Mütəxəssis bildirib ki, ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir.(AzərTAc)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR