Karantin davranışlarının sərtləşdirilməsi vacibdir - Adil Qeybulla
Bizi izləyin

Səhiyyə

Karantin davranışlarının sərtləşdirilməsi vacibdir - Adil Qeybulla

Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında iqnor olunub. Yoluxma dinamikasında nəzərəçarpan artım var, ölüm halları da hələlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözlənilən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir.

Publika.az xəbər verir ki, bu sözləri tibbi üzrə professor Adil Qeybulla yoluxmanın ikinci dalğasıın başlamaması istiqamətində görülməli olan tədbirlər barədə danışarkən deyib. Həkim bildirib ki, yayla əlaqədar bölgələrə axın olarsa, yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır:

“COVID-19 ştamı ilə bağlı hələlik dünyada müşahidə edilən mənzərə ürəkaçan olmasa da, iri əczaçılıq şirkətləri, ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutu vaksin və spesifik dərman preparatlarının yaradılması üzərində intensiv iş aparmaqdadır. Hemorragik qızdırma törədən Ebola qızdırması zamanı istifadə olunan “Remdesevir” preparatından tutmuş monoklonal antitellərə qədər müxtəlif dərmanların tətbiqi ünlü virusoloqlar, molekulyar biologiya mütəxəssisləri, genetiklər, infeksionistlər tərəfindən ciddi şəkildə araşdırılır. Hələlik real nəticə ortada yoxdur. Pandemiyanın ötən dövrünün retrospektiv təhlili göstərir ki, sərt karantin tədbirlərinin məqsədəuyğunluğuna inam getdikcə sarsılmaqdadır. Çin təcrübəsi göstərdi ki, bütün dünya üzrə bu tədbirlər eyni anda başlasa və sərt şəkildə həyata keçirilsəydi, bu gün biz virusun adı keçən ştamı haqda keçmiş zamanda danışa bilərdik. Amma biz qloballaşan dünyada yaşayırıq. Uçaqla bir neçə saata minlərlə kilometr məsafə qət etmək imkanı virusun qısa müddətdə dünyanın hər yerinə daşınması imkanını yaradır. Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımz tərəfindən sözün həqiqi mənasında iqnor olunub”.

A.Qeybulla bildirib ki, indiki məqamda karantin davranışlarının sərtləşdirilməsi vacibdir:

“Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. yollarla infeksiyanın yayılmasına səbəb olacaqlar. Ən yaxşısı karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minimumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir”.

Professor müəyyən təkliflər də irəli sürüb:

“1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuyulması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi; Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər deməkdir! Karantin davranışlarına sayğısız yanaşmaq genofondun sağlamlığına qəsddir!

2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi çıxanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.

3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm