Yayın canqurtaranının canyandıran tərəfləri – Kondisionerdə virus TƏHLÜKƏSİ
Bizi izləyin

Səhiyyə

Yayın canqurtaranının canyandıran tərəfləri – Kondisionerdə virus TƏHLÜKƏSİ

Dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı istər nəqliyyat vasitələrində, istərsə də digər qapalı yerlərdə havanı içəridə dövr etdirən havalandırma sistemləri varsa, burada məhdudiyyətin tətbiq olunacağını bildirib. O qeyd edib ki, bu, yoluxma hallarını artırır və bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılıb, müəyyən qaydalar üzərində çalışılır. Onun sözlərinə görə, məsələ ilə əlaqədar növbəti qaydalar və qərarlar qəbul ediləcək.

Bir çox dünya alimləri də indiyədək kondisionerin virusu yaydığına dair mülahizələr irəli sürüb.

Məsələ ilə bağlı Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib ki, kondisioner içəridəki havanı dövr etdirərək dəyişirsə, orada virus damcıları olan hava da fırlanacaq:

“Belə olduğu halda isə sağlam insanların da virusa yoluxma halı sürətlənəcək. Çünki daxildəki havanı elə içəridəki hava ilə dəyişən istənilən vasitə yoluxma riskini artırır. Əgər avtobuslarda kondisionerlərin işləmə vəziyyəti yaxşı deyilsə və daxildəki havanı fırladırsa onu işlətmək olmaz. Əgər təmiz havanı bayırdan götürüb soyudaraq daxilə keçirirsə, bunu işlətmək olar. Çünki içəridə hava fırlanarsa, virus hamıya yoluxar. Təsəvvür edin, avtobusda olan bir nəfərdə virus var. Həmin şəxs avtobusda olduğu zaman daxili viruslu hava ilə zənginləşdirir. Bunu da kondisioner içəridə yayır. Belə olduğu halda isə yoluxma sürətlənəcək. Ona görə də mümkün qədər ehtiyatlı olmaq lazımdır. İnsanlar təşvişə düşürlər. Düzdür, havalar isinəndə kondisioner işlətmək lazımdır. Əvvəllər istifadə olunan avtobusların heç birində kondisioner yox idi. İndi də əksər avtobuslarda bu yoxdur. Onunla məcbur gedirdik və sadə havalandırma üsullarından istifadə edirdik. İndi də kondisionersiz də avtobuslardan istifadə etmək olar. Əsas virusun sürətlə yayılmasının qarşısı alınsın”.

Professor, həkim-cərrah Adil Qeybulla isə hesab edir ki, pandemiya dövründə ictimai nəqliyyatda sadə havalandırma vasitələrindən istifadə etmək daha məqsədəuyğundur:

“Ümumiyyətlə, indiki pandemiya dövründə qapalı yerlərdə kondisionerlərin işləməsi məqsədəuyğun deyil. Çünki kondisioner havaya buraxılan virusları yenidən sirkulyasiya edərək həmin qapalı məkana yayır. Ona görə də ümumi olaraq qapalı şəraitdə insanların olması belə düzgün deyil. Bu situasiyada ən yaxşı halda havalandırma sisteminə fikir vermək lazımdır. İçəridə insanlar az olarsa və havalandırma sistemi də normal işləyərsə heç bir problem də yaşanmaz. Ancaq kondisionerin istifadəsi qəti şəkildə olmaz. Burada söhbət təkcə avtobuslardan getmir. Əgər toyların keçirilməsinə icazə verilərsə, şadlıq evlərində də kondisionerin istifadəsi sual altındadır. İnsanlar düşünsünlər ki, bir müddət kondisioner yoxdur. Pandemiyanın şərti budur. Belə olmadığı halda virus çox sürətlə yayılar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm