Əhalinin 70 faizi peyvənd olunarsa... - Rəşad Mahmudov
Bizi izləyin

Səhiyyə

Əhalinin 70 faizi peyvənd olunarsa... - Rəşad Mahmudov

Qaldıra biləcəyi yükün bəzən potensialının üzərinə çıxması bütün ölkələrin səhiyyə sistemləri üçün təhlükədir. Dalğanın hündürlüyü və müddəti ölkələrdəki resursların qısa müddət ərzində tükənməsinə səbəb ola bilir. Bir il əvvəl bilmədiyimiz bir çox məsələ bu gün həm dünya səhiyyə qurumlarına, həm də dövlətlərə bəllidir.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov danışıb. Həkim bildirib ki, bu gün yeni dalğa təhlükəsi ilə qarşı-qarşıyayıq:

"Əslində, virusun insana təsiri və öldürücülüyündə ciddi dəyişiklik yoxdur. Burada əsas məsələ yoluxmanın daha sürətli və daha intensiv artmasıdır. Əfsuslar olsun ki, heç də qənaətbəxş olmayan yoluxma və ölüm sayı artmaqdadır. Hər bir ölkə özünün apardığı PCR testi ilə yoluxmuş insan sayı arasında nisbətə baxır. İki ay əvvəl bu nisbət 2% idi, bu gün 18-20 faizə qədər yüksəlib. Buna ekvivalent şəkildə ölümün və ya ağırlaşmış xəstələrin artması hər bir səhiyyə sistemi üçün təhlükə yaradır.

İnsanlar bu xəstəliklə yaxından tanış olduqca xəstəxanalara və aidiyyəti qurumlara müraciət etmədən, analiz vermədən evdə müalicələr aparırlar. Bunlar da əvvəlki dalğalarla müqayisədə daha çox ölümlərin görünməsinin səbəblərindən biridir.

Epidemioloji reallıq bizə tarix boyu göstərib ki, nəzarətdən çıxan pandemiya şəraitində qapanmalar faydalıdır. Bu, bütün virus xəstəlikləri üçün bilinən bir həqiqətdir. Keçən il koronavirusun müalicəsinin necə aparılmalı olduğunu və necə davranacağımızı bilmirdik. Odur ki, qapanmalara getmək vacib idi, dünyanın böyük hissəsi bu yolu seçdi".

Həkimin sözlərinə görə, əvvəlki dalğalarda qısa müddətdə ağırlaşan, xəstəxanaya yerləşdirilən və süni tənəffüs aparatlarına bağlanan xəstələrin demək olar ki, 99 faizi həyatlarını itirmişdi:

"Bu, bizi ümidsizliyə düçar etmişdi. Amma bu dəfə xəstəxanalar və reanimasiyalarda aparılan müalicələr nəticəsində süni tənəffüs aparatında olmasına baxmayaraq, sağalanların sayı gündən-günə artır. Zamanla təcrübə qazanaraq necə davranmaq lazım olduğunu öyrənmişik. Mutasiyaların da yoluxuculuq sürəti artsa belə, ağciyərdə qalıcı zədələnmə yaratmır. İstənilən halda zaman artıq lehimizə işləyir, odur ki, bu xəstəliklə mübarizədə daha çox uğur qazana biləcəyik.

İnsanlar nə qədər gec yoluxsa, bir o qədər yaxşıdır, çünki xəstəliyin ağırlaşıb-ağırlaşmadığını əvvəlcədən müəyyənləşdirmək çətindir. Zamanla müalicə taktikasında daha çox uğur əldə edəcəyik. Buradan o nəticəyə gəlirik ki, gələcəkdə COVID-19-u ağır keçirsək də, bu, vəziyyətdən çıxmaq şansını artıracaq".

Millət vəkili qeyd edib ki, cəmiyyətin böyük hissəsinin peyvəndlənməsi öz müsbət nəticələrini verəcək:

"Peyvənd tarix boyu yoluxmanın qarşısını almayıb və ala bilməz. Amma yoluxmuş xəstələrin ağırlaşma ehtimalının qarşısını alacaq. Koronavirus peyvəndlərinin həyati təhlükəni 90% azaltdığı dünya elminə məlumdur. Pandemiya ilə mübarizədə qızıl açar rolunu oynayan peyvəndlənmə müzakirə mövzusu ola bilməz. Tarix boyu yoluxucu xəstəliklərin vaksinlərin hesabına zəiflədiyi hamıya məlumdur. Dünya səhiyyəsi koronavirusa qarşı peyvəndləri bir il ərzində hazırladı və ortaya çıxardı. Başda peyvəndlərə qarşı anti-təbliğat olmasına baxmayaraq, bu gün Azərbaycanda birmənalı olaraq peyvəndlənməyə münasibət müsbətə doğru dəyişir. İnsanlar anladı ki, peyvəndlərin ola biləcək əks təsirləri çox keçici və bizə hər zaman məlum olan əlamətlərdir. Aparılan tədqiqatlar göstərir ki, vaksinlər 90% hallarda ağırlaşmaların qarşısını alır, onların gözlənilməz və hər hansı əks təsirləri ilə qarşı-qarşıya deyilik. Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi peyvəndlərin faydaları onların zərərlərindən qat-qat üstündür. Qısası, gələcəkdə dövlətlərin və cəmiyyətlərin qorxusuz şəkildə qərar verməsi üçün əhalinin 70 faizinin peyvənddən keçməsi lazımdır. Hazırkı vəziyyətdə bu, yeganə reallığımızdır".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm