Çoxmərtəbəli binalarda təhlükə - (VİDEO/FOTO)
Bizi izləyin

Sosial

Çoxmərtəbəli binalarda təhlükə - (VİDEO/FOTO)

Çoxmərtəbəli binalarda yaşanan təhlükə - arakəsmələrin təmir zamanı götürülməsi. Sovet dönəmində tikilən binalarda yaşayanların yaratdığı bu problem bir nəfər, ya da ailə üçün yox, bina sakinləri üçün təhlükə yaradır.

Çoxmərtəbəli binalarda yaşanan təhlükə - arakəsmələrin təmir zamanı götürülməsi. Sovet dönəmində tikilən binalarda yaşayanların yaratdığı bu problem bir nəfər, ya da ailə üçün yox, bina sakinləri üçün təhlükə yaradır.

ARB TV xəbər verir ki, mütəxəssislər mənzillərdə təmir işləri zamanı məsləhətləşməyi vacib hesab edirlərsə, əhali bunun məsuliyyətini daha çox təmir aparan ustanın üzərinə buraxır.

Hər bir binanın tikintisinə, layihə Memarlıq və Arxitektura Şöbəsindən keçdikdən sonra qaz, işıq, su idarələri, Gigiyena və Epidemiologiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin icazəsindən sonra şəhər icra başçısı razılıq verir. Tikinti tam başa çatdıqdan sonra da bütün idarələr buna qəbul aktı verir. Vətəndaş evi istər order, istərsə də dövlət reyestrindən əldə edilən çıxarış əsasında götürürsə, əsas sütunları heç bir halda dəyişdirə bilməz. Bununla bağlı mənzili təhvil götürən tikinti normaları ilə bağlı qəbul aktına qol çəkir. Bu qeydlər yeni tikililərə aiddir, sovet dönəmindən miras qalan binalarda isə vəziyyət mülkiyyətçinin istəyindən asılı olaraq dəyişə bilər.

Çəkiliş zamanı Leninqrad proyektli panel binada yerləşən mənzildə qəbul aktında göstərilən qaydaların pozulduğunun şahidi olduq. Mənzildə tam da olmasa, əsas daşıcıyı divar götürülərək salon genişləndirilib. Əslində isə otaqla eyvan arakəsmə vasitəsilə bir-birindən ayrılır. Qonşu mənzildə olduğu və layihədə nəzərdə tutulduğu kimi.

Öncə ona diqqət çəkək ki, mənzil daxilində 20 sm-ə qədər qalınlığı olan divarlar yükdaşıyan divar sayılmır. Daşıyıcı divar funksiyasını 40 sm və daha artıq enlilikdə olan sütünlar daşıyır.

Süleyman Abbasov - inşaatçı, mühəndis: "Yükdaşıyan konstruksiyalar o yükə hesablanmış olur. Rigellərin dəyişdirilməsi, sökülməsi inşaat nöqteyi-nəzərindən mümkünsüzdür. Bu məsələ ilə bağlı bizə müraciət olmur. Ümumiyyətlə, binada hər hansı konstruktiv dəyişiklik ancaq mütəxəssis rəyindən sonra olmalıdır".

Mütəxəssisin sözləri əsasən köhnə binalara aiddir. Yeni tikililərdə isə divarların əksəriyyəti yük daşımır. Rigel və sütunlar istisna olmaqla.

Fərid Əliyev - memar: "Həmişə binanın konstruktiv prinsiplərini yadda saxlamaq laızmdır. Əgər mənzil yeni tikilidədirsə, onların, demək olar ki, hamısı karkas sisteminə malikdir. Yük daşıyan elə dəmir-beton karkasdır. Beton diafraqma və şaxtaları çıxmaq şərti ilə, arakəsmələrdə kərpic divarları rahat söküb yerlərini dəyişmək olar".

Ümumiyyətlə hər bir halda mənzillərdə əsaslı dəyişiklik aparmaq üçün yerli icra hakimiyyətinin razılığı olmalıdır. Razılıqsız yalnız yüngül təmir işlərinin aparılmasına icazə verilir. Amma hər bir halda vətəndaş yazılmayan qaydalara əməl etməldir, əks halda cərimələnə bilər.

Füzuli Musayev - birinci dərəcəli ədliyyə qulluqçusu, hüquqşünas: "Komissiya bunu qəbul edir. Vətəndaş əgər əsaslı dəyişiklik aparırsa buna məsuliyyət daşıyır. Əvvəlcə birgə yaşayış qaydalarına əməl etməlidir. Başqalarının hüquqları tapdalanmamalıdır. Əgər vətəndaş evdə əsaslı təmir apararsa, başqasının əmlakına ziyan dəyirsə inzibati məcəllə üzrə məsuliyyət daşıyır. Cərimələr nəzərdə tutulub. Bir şərtlə ki, ziyan dəymiş vətəndaş məhkəməyə müraciət etsin".

Vətəndaşlar əsasən mənzillərini genişləndirmək və yeni dizayn vermək üçün dəyişkliklərə əl atırlar. Ancaq sonrakı fəsadları ya düşünmür, ya da xəbərsizdirlər.

Dursun Manafov - şəhər sakini: "Məlum məsələdir ki, evin əsas sütununu dağıtmaq olmaz. Övladım ailə həyatı qurduqdan sonra, ailə üzvlərinin sayı çoxaldığına görə, məcburiyyətdən evin əsas sütununu dağıtmışam. Ancaq hər ehtimala qarşı 10 sm saxlamışam".

Fərid Əliyev - memar: "Panel binalarda bütün bina eyni sistem olaraq işləyir. Orada hər hansı panelin götürülməsi olduqca təhlükəlidir. Bu o demək deyil ki, konstruktor deməlidir ki, hər hansı problem yaranacaq. Amma vaxt keçdikcə hansısa problemlər üzə çıxacaq".

Binaya təsir edən həmçinin artırmalardır. Məlumdur ki, binalar layihələndirilərkən əlavə dəyişikliklərə hesablanmayıb. İkinci bir tərəfdən məsələn 5-ci mərtəbə üçün bir artırma yerdən sütunla qaldırılır. Onun əlavə heç bir bağlaması, divara bərkitmə yerləri olmur. Yəni Allah ümidinə tikilən artırmalar elə vətəndaşların həyatını da Allah ümidinə buraxır.

Süleyman Abbasov - inşaatçı, mühəndis: "Bizim şəraitdə mütəxəssisə müraciət etmək söhbəti yoxdur. Usta, fəhlə deyirlər, gətirib iş götürürlər, onların da texniki nöqteyi-nəzərdən bunları bilməsi qeyri-mümkündür. Hər halda buna texniki bir savad lazımdır. Onun dəyişdirmək yerlərini başa düşsünlər".

Yəni "çörəyi ver çörəkçiyə, birini də artıq" sözü elə bu məsələ üçün keçərlidir. İşi biləninə həvalə edək ki, həm özümüzü, həm ətrafdakıları, həm də büdcəmizi sığortalayaq. Sonrakı peşmançılığın acısını çəkməmək üçün.

Videonu izləmək üçün şəklə klikləyin:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm