Qəbələdəki cinayət qadınları AYAĞA QALDIRDI
Bizi izləyin

Sosial

Qəbələdəki cinayət qadınları AYAĞA QALDIRDI

Son vaxtlar baş verənlər göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Səbinə Verdiyevanın əri tərəfindən amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilməsi məişət zorakılığı sahəsində görülməli işlərin hələ çox olduğunu bir daha gündəmə gətirdi. Son vaxtlar baş verənlər göstərir ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Həm paytaxtda, respublikamızın iri şəhər və rayonlarında, həm də bölgələrdə qadın hüquqları bir sıra hallarda kobud şəkildə tapdanır, zərif cinsin bəzi nümayəndələri həyat yoldaşları tərəfindən zorakılığa, qəddarlığa məruz qalır.

Elə söhbətləşdiyimiz qadın hüquq müdafiəçiləri də bu qənaətdədir.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Publika.az-a açıqlamasında bildirdi ki, bu hallar yalnız bir rayona, bölgəyə yox, müxtəlif regionlara xas olan məsələdir: “Qadın ölümləri, bizə yaraşmayan hallardır. Son illər müxtəlif bölgələrdə belə halların baş verdiyini müşahidə edirik. Məsələn, təkcə yanvar ayında bir həftə ərzində 4 qadın öldürülüb. Biz zaman-zaman qadın ölümləri məsələsini diqqətə çatdırırıq. Təəssüf ki, öldürülənlərə bəzən “əxlaqsız” damğası vurulur, töhmət edilir. Bəziləri iddia edir ki, guya namussuz olduğuna görə öldürülüb”.

Onun sözlərinə görə, məsuliyyətdən yaxa qurtarmaq üçün bu üsullara əl atırlar: “Bu, bir sıra şəxslər tərəfindən cinayətdən yaxa qurtarmaq vasitəsi kimi başa düşülür. Belə ifadələr qadına daha tez şamil oluna bildiyindən bu, bəziləri üçün “bəraət” metodudur. Ona görə də həmin metoddan istifadə edirlər. Cəmiyyət də buna “əxlaqsız idi, ona görə öldürülüb”, “buna susaq, danışmayaq”, – deyə biganə yanaşır.

Lakin son zaman baş verənlər göstərir ki, bunlar əxlaq məsələsi ilə əlaqədar olmur. Qəbələ rayonunda törədilən cinayət faktı – 3 uşaq anasının, hamilə qadının qətlə yetirilməsi əxlaq məsələsi deyil. Ailənin stereotiplərdən asılı olaraq, öz qızını şiddət və zorakılıq olan bir mühitə zorla qaytarması, eyni zamanda həmin şəxsin bundan istifadə edib, qadına qəddar münasibət bəsləməsi, onu qətlə yetirməsidir”.

Mehriban Zeynalova qeyd etdi ki, artıq burada söhbət hansısa əxlaq məsələsindən yox, stereotiplərdən gedir: “Məsələnin mahiyyəti “getdiyin yerdən kəfənlə çıxmalısan” stereotipinin qatılaşmasından gedir. Mən ailənin dağılmasını istəmirəm. Heç birimiz bunu istəmirik. Amma belə qətllərə son qoyulmasının vaxtı çatıb. Düşünürəm ki, həmin cinayətləri əxlaqla əlaqələndirmək düzgün deyil. Baş verənlər insan həyatına, şəxsiyyətə qarşı cinayətdir və bunu dayandırmaq lazımdır. Hesab edirəm ki, qanunu sərtləşdirməyin vaxtı çatıb. Dövlət qurumları bu məsələyə həssas yanaşmalıdırlar.

Biz bu hallara son qoyulması üçün yalnız insanların maarifləndirilməsi ilə kifayətlənməməliyik. Tutaq ki, insanları başa saldıq ki, sən etiraz et. Bəs etiraz üçün kifayət qədər dəstək varmı? Biz kimisə maarifləndirməklə onu küçələrə də ata bilmərik. Maarifləndirdik, o da etiraz etdi, bəs sonra necə olacaq? Ona görə də bu məsələyə həssas yanaşmaq lazımdır. Bunun üçün dəstək mərkəzləri olmalıdır. Hətta zorakılıq edən şəxsin özü də psixoloji reabilitasiyadan keçməli, psixoloji dəstək almalıdır. Bununla bağlı məhkəmə qərarı olmalıdır. Əgər hər hansı şəxsin psixoloji durumu düzəlmirsə, o, təkrar psixoloji reabilitasiya keçməlidir”.

Əgər bu da təsir etməsə və həmin şəxs zorakılığa meyllidirsə, cəzalandırılmalıdır: “Biz demirik ki kimisə tutub assınlar. Mən sosial şəbəkələrdə ölüm hökmünün bərpa edilməsi təkliflərinin irəli sürüldüyünü müşahidə edirəm. Bu təklifin əleyhinəyəm. Axı biz insan haqlarını rəhbər tutan, demokratik ölkəyik. Ölüm hökmünün ləğvi barədə qərar qəbul etmişik.

Hesab edirəm dövlət qurumları qanun çərçivəsində bu məsələlərə daha çox diqqət yetirməklə, daha həssas yanaşmaqla, bir ailənin problemini xüsusi olaraq nəzarətdə saxlamaqla belə problemləri aradan qaldıra bilərlər”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da hesab edir ki, belə bu halların qarşısının alınması üçün qanun sərtləşdirilməlidir: “Belə cinayətləri törədən şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilməlidir. Onlar da, cəmiyyət də başa düşməlidir ki, belə qətllər törədənləri ömürlük azadlıqdan məhrum olunma cəzası gözləyir. Düşünürəm ki, cəzanın yüngül olması belə şəxsləri cinayət törətməkdən çəkindirmir. Belələrinə bir neçə illik cəza verirlər, həbsdən çıxıb gəlir və sonra ailə həyatı qurduğu digər qadını da qətlə yetirir. Əgər ailədə problemin varsa, boşan, daha niyə öldürürsən?”

Novella Cəfəroğlu bu hadisə ilə bağlı etiraz aksiyasının keçiriləcəyini bildirdi: “Qeyri-hökumət təşkilatları ilə toplaşıb, “Qadına qarşı zorakılığa yox” şüarı ilə aksiya keçirəcəyik. Bu, olduqca aktual məsələdir. Özü də belə cinayətlər getdikcə artır. Çünki cəzalar yüngüldür. Bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Region televiziyalarında bu məsələləri qaldırmaq lazımdır. Biz bölgələrə səfərlərimizdə də həmin problemləri qaldırırıq.

Hesab edirəm ki, telekanallarda şou verilişlərindənsə qadınlara qarşı zorakılıqla bağlı verilişlər efirə verilməlidir. Qadınların öldürüldükləri yerlərdə icra hakimiyyətləri, bələdiyyələr, polis də müəyyən cavabdehlik daşıyırlar. Hər bir qadına qayğı göstərmək vəzifəsi qanunla onların üzərinə düşür”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm