Bakıda evlərə, deyəsən, qaz yox, hava verilir
Bizi izləyin

Sosial

Bakıda evlərə, deyəsən, qaz yox, hava verilir

Sakinlər ilk baxışdan qazın əvvəlki həcmdə gəldiyini, lakin kəsif qoxu verdiyini və isitmə qabiliyyətinin həddən aşağı olduğunu vurğulayırlar.

Dünən saat 17.10 radələrindən başlayaraq Bakının Nərimanov rayonunun əksər sahələrində və səmtlərində yaşayış binalarına verilən təbii qazın keyfiyyəti xeyli aşağı düşüb.

Sakinlər ilk baxışdan qazın əvvəlki həcmdə gəldiyini, lakin kəsif qoxu verdiyini və isitmə qabiliyyətinin həddən aşağı olduğunu vurğulayırlar.

Normativlərə görə, 1 kubmetr təbii qazın istilik enerjisi 8 kVT, yanma istiliyi isə minimum 7600 kilokalori olmalıdır. Lakin Bakının Nərimanov rayonunda binalara verilən təbii qaz yananda anomal qoxu verdiyindən və isitmə qabiliyyətinə malik olmadığından, mütəxəssislər hesab edirlər ki, həmin qazın "aşağı kalorili" olmasının başlıca səbəbi tərkibində oksigenin, habelə propan-butan qarışığının normadan dəfələrlə artıq olmasıdır.

Bundan başqa, yaşayış binalarına verilən təbii qazın təzyiqi də normaya uyğun olaraq 13 mBar yox, 10 MBar-dır.

Qaz var, yanır, amma isitmir və qoxuyur. Belədirsə, təbii qazın sıxlığı aşağı salınıb, sonucda da istilik vahidinin yaranması üçün daha çox qaz gərəkdir və deməli, istehlakçı evini isidə bilməsə də, qaz üçün daha çox pul ödəməlidir.

Bütün "biclik" budur.

Təbii qaza hava qatılmasına gəldikdə isə, bu, çox təhlükəlidir. Çünki 1 kubmetr təbii qazda havanın miqdarı 30 faizi keçərsə, çox təhlükəli partlayıcı qarışıq alınır.

Xatırladaq ki, təbii qaz bir neçə əsas komponentlərdən ibarətdir. Onların arasında metan (CH4) 90 faiz, habelə metanın karbohidrogen homoloqları olan etan (C2H6) 2 faiz, propan (C3H8) 6 faiz, yan qazı isə 2 faiz təşkil edir. Azərbaycanda əhaliyə verilən təbii qazın tərkibində metanın 98 faiz olduğu deyilir. Normativlərə görə, təbii qazın tərkibində hava və qazın miqdar münasibəti 3,7-17,8 həddindən yuxarı olmamalıdır. Havanın miqdarı 5-ə çatanda çox təhlükəli qarışıq alınır.

Lakin Bakının Nərimanov rayonundakı sakinlərin evlərinə və mənzillərinə verilən qazın tərkibindəki metan, deyəsən, minimal həddə salınıb.

Unutmayaq ki, təbii qazın keyfiyyəti aşağı düşəndə "nəm qaz" alınır, yəni yananda alov dilimlərində sarı rəngin çox olduğu qarışıq formalaşır və buna "nəm qaz" deyilir.

Nəm qaz sobalarda, kombilərdə və s. avadanlıqda kondensat yaradır, onların tez sıradan çıxmasına səbəb olur.

Düşünürük ki, Nərimanov rayon sakinləri mənzillərinin pəncərələrini açıq saxlamırlar...

"Azəriqaz"ın "qaynar xətti" isə problemin həlli üçün optimal variant "təklif edir". Azərbaycan klassiklərinin qulaqları oxşayan, ruhu sakitləşdirən musiqilərinə qulaq as, "qızın".

milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm