Millət vəkili ölüm hökmünün bərpasını istəyir - Azərbaycanda
Bizi izləyin

Sosial

Millət vəkili ölüm hökmünün bərpasını istəyir - Azərbaycanda

"Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır”.

“Bütün dünyada olduğu kimi Azərbaycanda da demək olar ki, hər gün məişət şəraitində cinayətlər baş verir. Təəssüf ki, statistikaya görə qadınların öz ərləri tərəfindən öldürülməsi sayı yüksək templə artır".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Elmira Axundova deyib.

O qeyd edib ki, bütün bunlarla bağlı hüquqi tədbirlər görülməlidir:

“Oktyabrda Azərbaycan KİV-ləri iki qadının vəhşicəsinə öldürülməsi barədə məlumat yaydı. Zərdab rayonunun Yarməmmədbağı kəndində üç uşaq anası olan bir qadının boğazı orta əsrlər vəhşiliyi ilə əri tərəfindən kəsildi, faktiki olaraq başı bədənindən ayrıldı.

Bir neçə gün sonra vəhşiliyi ondan da betər olan digər bir qətl Qəbələnin Kürd kəndində baş verdi. Dəfələrlə həyat yoldaşı, üç uşaq anası Səbinəni döyən, işgəncə verən Xəyal Verdiyev adlı sadist, mən onu insan belə adlandıra bilmirəm, həmin gün qadına işgəncə vermiş, daha sonra uşaqların gözü qabağında onu boğaraq qətlə yetirmişdir. Səbinə 4-cü uşağa hamilə idi. KİV-lərdə yazılan cinayətlərin təfərrüatlarını oxuyanda insan dəhşət və nifrətdən sarsılır.

Yəqin ki, bu sadistləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların ikisi də hələ gəncdirlər, deməli 40 yaşında azadlığa çıxa bilərlər və digər qadınlar, hətta öz uşaqları da onların qurbanlarına çevrilə bilər. Çünki bu şəxslər təbiətcə qatildirlər”.

Deputat hesab edir ki, onlar daha uzun müddətli cəzaya layiqdirlər:

“Bizdə isə bu, ömürlük azadlıqdan məhrumetmədir. Mən üzümü Zərdabdan Aqşin Astanovun və Qəbələdən Xəyal Verdiyevin işinə baxan hakimlərə, prokurorlara tutub xahiş edirəm ki, onlara ən yüksək cəzanı versinlər. İkincisi, düşünürəm ki, Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır. Təqribən 80 uşağı öldürən və 55 insanı yaralayan Norveç terroristi Breyvikin bu gün Avropa həbsxanasında rahat şəraitdə yaşaması, yeməyinin mikrodalğalı sobada qızdırılmasının sağlamlığına ziyan vurmasına KİV-də etiraz etməsi şəxsən məndə qəzəb doğurur. Buna görə mən bu cür qeyri-insanlara və yırtıcılara qarşı ölüm hökmünün tərəfdarıyam. Cəmiyyətimizi bu cür vəhşilərdən birdəfəlik təmizləmək lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm