• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Ekologiya Nazirliyindən hava, yoxsa qaz XƏBƏRDARLIĞI?

  • Sosial
  • 20 Fevral 2017 15:30
  • 1 022 Baxış
Ekologiya Nazirliyindən hava, yoxsa qaz XƏBƏRDARLIĞI?

Elə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi temperaturun enəcəyi ilə bağlı xəbərdarlıq yaydı, qaz xətlərində təmir başlanır, ya da təzyiq azalır. “Azəriqaz” təmir üçün havanın soyumasını gözləyir?

Bu son ayların sosial şəbəkə, virtual və real həyatda, eləcə də mətbuatda ən çox müzakirə edilən mövzudur. Payız qədəmini qoyandan insanlar ya mənzillərinə verilən təbii qazın təzyiqindən, ya da ümumiyyətlə qazın verilməməsindən şikayət edir. Bu şikayətlər hava soyuyanda daha da artır. Artıq abonentlərdə belə fikir yaranıb ki, təbii qazın verilişində məhdudiyyət, təmir işləri bilərəkdən soyuq günlərdə aparılır. Xüsusən də, dağlıq və dağətəyi ərazilərdə bu hal daha çox yaşanır. Bunun bilərəkdən edilməsini sübuta yetirə bilmərik. Lakin saytımıza təbii qazla bağlı daxil olan müraciətlərin məhz şaxtalı günlərə təsadüf etməsini əsas tutaraq məsələni aydınlaşdırmağa çalışdıq.

Bəlkə də Ekologiya nazirliyinin hava xəbərdarlığını qazın kəsiləcəyi, yaxud da təzyiqinin aşağı düşəcəyi xəbərdarlığı kimi də qəbul etməli və müvafiq hazırlığa başlamalıyıq. Çünki havanın soyuması ilə bağlı bütün xəbərdarlıqlardan sonra demək olar ki, qaz verilişində problemlər yaranır.

Bu il əvvəlki illərə nisbətən soyuq və qarlı günlərin sayı daha çox oldu. Məhz həmin günlərdə təbii qazın verilişi ilə bağlı şikayətlər də artdı. Bizə daxil olan müraciətləri “Azəriqaz”a çatdıranda gah ərazidəki tənzimləyicidə iş aparıldığı, gah da ümumiyyətlə problemin olmadığı cavabını aldıq. Lakin qurumdan müraciəti araşdıracaqlarına söz verilirdi. Etiraf edək ki, bu müraciətdən sonra vətəndaşlar həmin gün üçün problemin aradan qaldırıldığını bildirirdilər. Amma hər sakin probleminin həlli üçün mətbuata çıxmamalıdır.

Bəs nə üçün hava soyuyanda qazın təzyiqi azalır və ya xətlərin təmiri gündəmə gəlir?

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov Publika.az-a məsələni şərh edib. Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə təmir işlərinin aparılması normaldır. Bu işləri tez-tez yaşanması isə qaz xətlərinin köhnə olmasıdır: “Bu gün “Azəriqaz”ın 6 min kilometrdən çox müxtəlif təzyiqli və təyinatlı qaz kəməri, 1.5 milyondan çox abonenti var. Bakının qazlaşdırılması isə 1929-30-cu illərdə başlayıb və qaz xətlərinin çoxunun istifadə müddəti bitib. Qazdan təhlükəsiz istifadə qaydalarına görə mütəmadi olaraq xətlərdə profilaktika işləri aparılmalıdır. Vaxtaşırı qaz kəmərlərinin möhkəmliyi, korroziya vəziyyəti yoxlanılmalıdır. Həmçinin ölkədə yeni tikililərin sayı artır. Həmin tikililərin qazla təminatı üçün onlar mövcud kəmərlərə qoşulmalıdır. Bunun üçün də həmin ərazidə qazın verilişində fasilə yaranır, əks halda, qaynaqçıların işləməsi təhlükəli olar. Yəni, təmir işləri ilə bağlı qazın verilişinin dayandırılmasına məhdudiyyət qoyula bilər. Çünki yeni tikilinin qazlaşdırılmasını da ləngitmək olmaz. Ona görə də müəyyən ərazidə qaz verilişi dayandırıla bilər. Planlı şəkildə görüləcək təmirlə bağlı xəbərdarlığın bir gün əvvəldən verilə bilər. Lakin fövqəladə hadisə baş verəndə əvvəldən xəbərdarlıq etmək mümkün olmur”.

Havalar soyuyan kimi təzyiqin aşağı düşməsinə gəldikdə, N.Qasımov bunu qaz xətləri və əhalinin sayının artması ilə əlaqələndirdi: “Dediyimiz kimi, qaz təsərrüfatımız köhnədir. Əvvəl bir borudan 10-15 ailə istifadə edirdisə, indi bu rəqəm 50-60 olub. Ona görə təzyiq artanda yaxınlıqdakı evlərdə fəsad törədir, aşağı da olanda xəttin sonundakı mənzildə təzyiq çox aşağı olur. Bu halda “Azəriqaz” qaynar xətt xidmətinə şifahi və ya yazılı müraciət edilə bilər. Azad İstehlakçılar Birliyi olaraq biz də şikayətləri araşdırmağa hazırıq. Lakin təzyiqin aşağı olma səbəbi qaz təsərrüfatının köhnə olması ilə bağlıdır. Problemin aradan qaldırılması üçün müasir texnologiyaları tətbiq edilməlidir, bunun üçün isə vaxt lazımdır”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev isə şaxtalı günlərdə təmir işlərinin aparılması ilə bağlı iddialarla razılaşmır: “Hava kəskin soyuyanda, temperatur aşağı düşəndə təmir işləri dayandırılır. Əhalinin təbii qaza ehtiyacı nəzərə alınaraq təmir işləri aparılmır. Yalnız istehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan ehtiyacının təmin edilməsi, şəbəkənin gücləndirlilməsi üçün mütəmadi olaraq tərəfimizdən təhlükə yarana biləcək hissələrdə yenilənmə işləri aparılır. Təmir-bərpa işləri bir neçə ay əvvəldən planlaşdırılmır. Təmir işlərinin aparılmasına hansı ərazidə zərurət yaranarsa-qaz sızması, təhlükəli vəziyyət yaranarsa, əvvəldən əhali məlumatdırılır”.

Havaların şaxtalı olduğu günlərdə təzyiqin aşağı düşməsini “Azəriqaz” rəsmisi bu cür əsaslandırdı: “Təbii qaza ehtiyac artdıqca, onun verilişi də artırılır. Hava şəraiti dəyişəndə təbii qazın təzyiqi çoxaldılır. Lakin qaz xətləri üzərindəki tənzimləyici qurğularda tənzimləmə işlərinin aparılması müəyyən müddət tələb edir. Təbii qazın verilişində müraciət nəzərə alınaraq tənzimləmə işləri aparılır. Bu il ərzində təbii qazın verilişi ilə bağlı müraciətlər kütləvi hal daşımayıb. Fərdi yaşayış evlərindən əsasən müraciətlər daxil olur və sahələr üzrə əməkdaşlarımız həmin ünvanlarda olub problemi aradan qaldırırlar”.

Gülxar

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR